Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana həyata keçirdiyi dövlət səfəri iki ölkə arasında mövcud olan dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu səfər, eyni zamanda, Cənubi Qafqaz regionunda əməkdaşlığın genişləndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atılan mühüm addımdır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, səfər zamanı Azərbaycan Prezidentinin Gürcüstanın ali rəhbərliyi ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib: “Danışıqlar zamanı Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilib, parlamentlərarası əlaqələrin, hökumətlərarası komissiyaların fəaliyyətinin və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmi vurğulanıb. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyini xüsusi qeyd eediblər.
Sözsüz ki, iqtisadi sahədə əməkdaşlıq müzakirələrin əsas istiqamətlərindən birini təşkil edib. Qeyd olunub ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı investisiya qoyuluşu ildən-ilə artmaqdadır. Xüsusilə enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu baxımdan, biznes forumların keçirilməsi və işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub”.
Deputat bildirib ki, enerji sahəsində əməkdaşlıq iki ölkə münasibətlərinin strateji sütunlarından biri olduğu diqqətə çatdırlıb:
“Azərbaycanın zəngin enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstanın tranzit ölkə kimi oynadığı rol yüksək qiymətləndirilib. Bu kontekstdə Cənub Qaz Dəhlizi və digər iri enerji layihələrinin uğurla həyata keçirildiyi, həmin layihələrin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd edilib. Tərəflər enerji sahəsində uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da geniş şəkildə müzakirə olunub. Xüsusilə Orta Dəhlizin inkişafı, Xəzər dənizi regionu ilə Avropa arasında yükdaşımaların artırılması, dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi məsələləri də gündəlikdə olub. Bu çərçivədə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin əhəmiyyəti vurğulanıb və onun regionun nəqliyyat xəritəsində strateji rol oynadığı qeyd edilib.
Humanitar sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmamışdır. Təhsil, mədəniyyət, elm və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi və mədəni tədbirlərin təşkili xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun daha da möhkəmlənməsinə xidmət edən mühüm amillər kimi qiymətləndirilmişdir.
Dövlət başçıları səfərin yekunlarına dair mətbuata birgə bəyanatlarında da iki ölkə arasında qarşıdakı dövrdə əlaqələrin inkişaf dinamikasının əhəmiyyətinə toxunublar. Bəyanatlarda əldə olunan razılaşmaların əhəmiyyəti, əməkdaşlığın perspektivləri və regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş birgə səylər xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə eediblər.
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri möhkəm təməllər üzərində qurulub və bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Səfər çərçivəsində əldə olunan razılaşmalar və aparılan müzakirələr gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə, regional inteqrasiyanın gücləndirilməsinə və xalqlar arasında dostluq münasibətlərinin daha da inkişafına mühüm töhfə verəcəkdir”.
