Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri bir sıra mühüm obyektlərin açılışında iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün ölkənin bütün bölgələrində inkişaf və tərəqqi dinamik şəkildə müşahidə olunmaqdadır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, müəyyən edilmiş strateji inkişaf konsepsiyasına uyğun olaraq regionlarda ardıcıl və sistemli tədbirlər həyata keçirilir, paytaxtla bölgələr arasında sosial-iqtisadi fərqlər minimuma endirilir:
“Bu isə regionların inkişafına yönəlmiş dövlət proqramlarının uğurlu icrasının bariz göstəricisidir. Bu xüsusda Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri, həyata keçirilən layihələrlə yerində tanış olması və yeni obyektlərin açılışında iştirakı xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının Şamaxı rayonuna son səfəri də bu baxımdan əlamətdar oldu. Səfər çərçivəsində mühüm sosial-iqtisadi obyektlərin istifadəyə verilməsi regionun inkişafına əlavə stimul yaradıb.
Şamaxıda istifadəyə verilən “Şirvan Aqro” heyvandarlıq kompleksi kənd təsərrüfatının inkişafına yönəlmiş mühüm layihələrdən biridir. Təxminən 100 hektar ərazini əhatə edən bu müasir kompleks ölkə əhalisinin keyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, həmçinin ixrac potensialının artırılmasına xidmət edir. Ən son texnologiyalar və süni intellekt sistemləri ilə təchiz olunmuş müəssisə həm regionda məşğulluğun artırılmasına, həm də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksi kimi də xüsusi əhəmiyyətə malikdir”.

Deputat bildirib ki, səfər çərçivəsində təhsil infrastrukturunun inkişafı istiqamətində görülən işlər də diqqət mərkəzində olub:
“Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışı bu sahədə həyata keçirilən uğurlu siyasətin göstəricisidir. Müasir standartlara cavab verən, 1200 şagird yerlik lisey geniş tədris imkanları, laboratoriyalar, STEAM otaqları, idman və akt zalları ilə təmin olunub. Bu cür layihələr regionlarda yaşayan şagirdlərin keyfiyyətli təhsil almasına, onların elmi biliklərə daha dərindən yiyələnməsinə şərait yaradır.
Eyni zamanda, Şamaxı rayonunda son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri də regionun inkişafında mühüm rol oynayır. Avtomobil yollarının yenidən qurulması, nəqliyyat şəbəkəsinin müasirləşdirilməsi iqtisadi fəallığın artmasına, kənd təsərrüfatı məhsullarının bazarlara çıxışının asanlaşmasına və turizm potensialının genişlənməsinə şərait yaradıb.
Ümumilikdə, Şamaxıda həyata keçirilən layihələr regionun simasının dəyişməsinə, yeni iş yerlərinin açılmasına və əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Bu isə onu göstərir ki, dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bütün bölgələri davamlı inkişaf mərhələsinə qədəm qoyub və bu proses gələcəkdə də uğurla davam etdiriləcəkdir”.
