Prezident İlham Əliyev tərəfindən AzərEnerji ASC-nin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışının edilməsi enerji sisteminin modernləşdirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan Respublikasında enerji sektorunun modernləşdirilməsi və dayanıqlı inkişaf strategiyasının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl islahatlar, eyni zamanda innovativ layihələrin icrası ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu kontekstdə dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan təşəbbüslər enerji infrastrukturunun təkmilləşdirilməsi, bərpaolunan enerji mənbələrinin geniş tətbiqi və qabaqcıl texnologiyaların inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, məhz bu strateji yanaşmanın tərkib hissəsi kimi “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin istifadəyə verilməsi ölkənin enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir:
“Layihənin icrası dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan enerji təhlükəsizliyinin gücləndirilməsi, sistemin dayanıqlığının artırılması və bərpaolunan enerji mənbələrinin səmərəli inteqrasiyasının təmin edilməsi məqsədlərinə tam uyğun şəkildə həyata keçirilib. AzərEnerji ASC tərəfindən reallaşdırılan bu mühüm layihə çərçivəsində 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat təşkil edən müasir enerji saxlanc sistemləri yaradılıb. Bu miqyasda batareya enerji saxlanc infrastrukturlarının qurulması yalnız ölkə daxilində deyil, bütövlükdə MDB məkanında ilk dəfə olaraq həyata keçirilmişdir ki, bu da Azərbaycanın enerji sahəsində innovasiya və texnoloji inkişaf baxımından öncül mövqeyini bir daha təsdiq edir.
Deputat bildirib ki, layihənin tam şəkildə daxili maliyyə resursları hesabına icra olunması onun iqtisadi dayanıqlığını və milli potensiala əsaslandığını nümayiş etdirir:
“Eyni zamanda, beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə aparılan texniki-iqtisadi araşdırmalar bu cür enerji saxlanc sistemlərinin bərpaolunan enerji mənbələrinin genişmiqyaslı tətbiqi üçün zəruri olduğunu ortaya qoyub. “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi yüksək texnoloji xüsusiyyətləri ilə seçilir. Burada quraşdırılmış 50 akkumulyator batareya və 13 invertor konteyneri sistemin çevikliyini və operativliyini təmin edir. Belə ki, sistem cəmi iki saat ərzində tam doldurulub-boşaldıla bilir. Günəş enerjisinin yüksək olduğu saatlarda istehsal edilən artıq elektrik enerjisinin saxlanılması və pik tələbat dövrlərində şəbəkəyə ötürülməsi enerji istehsalı ilə istehlakı arasında optimal balansın qorunmasına imkan yaradır”.
Məlahət İbrahimqızı hesab edir ki, bu texnologiyanın tətbiqi enerji sisteminə bir sıra strateji üstünlüklər qazandırır:
“İlk növbədə, real vaxt rejimində idarəetmə imkanlarının genişlənməsi, şəbəkədə tezlik və gərginliyin sabit saxlanılması, qəfil enerji çatışmazlıqlarının operativ şəkildə tənzimlənməsi və qəzaların təsirinin minimuma endirilməsi təmin olunur. Bununla yanaşı, sistem enerji infrastrukturunun ümumi etibarlılığını artırmaqla yanaşı, “black start” – yəni enerji sisteminin sıfırdan bərpası imkanlarını da əhəmiyyətli dərəcədə gücləndirir.
Xüsusilə vurğulanmalıdır ki, batareya enerji saxlanc texnologiyaları günəş və külək kimi dəyişkən xarakterli bərpaolunan enerji mənbələrinin yaratdığı qeyri-sabitlik problemlərinin aradan qaldırılmasında mühüm rol oynayır. Bu isə ölkənin “yaşıl enerji” strategiyasının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaradır.
Azərbaycanın uzunmüddətli strateji hədəflərindən biri də yaşıl enerjinin ixracıdır. Bu məqsədlə regional və beynəlxalq enerji dəhlizlərinin, o cümlədən Qara dəniz vasitəsilə Avropa bazarlarına çıxışı təmin edəcək layihələrin reallaşdırılması nəzərdə tutulur. Bu baxımdan “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin istifadəyə verilməsi yalnız daxili enerji sisteminin təkmilləşdirilməsi ilə məhdudlaşmır, həm də ölkənin beynəlxalq enerji bazarlarında mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Nəticə etibarilə, bu layihə Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi, bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası və ölkənin regional enerji mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm və strateji əhəmiyyətli addım kimi dəyərləndirilir”.
