Azərbaycanın enerji sektorunda aparılan ardıcıl islahatlar və innovativ layihələrin icrası ölkənin dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından birini təşkil edir. Bu baxımdan Prezident İlham Əliyevin AzərEnerji ASC tərəfindən inşa olunmuş “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışının edilməsi enerji sisteminin modernləşdirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkə başçısnın tapşırığına əsasən həyata keçirilən layihə çərçivəsində iki əsas yarımstansiyada — 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan müasir enerji saxlanc mərkəzləri yaradılıb:
“Sözsüz ki, bu miqyasda batareya enerji saxlanc sistemlərinin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB məkanında ilk dəfə həyata keçirilir. Layihə tamamilə daxili maliyyə resursları hesabına icra olunması ilə də xüsusi əhəmiyyət daşıyır. Burada həmçinin texnoloji xüsusiyyətlər və innovativ yanaşmalar da özünü bir daha təsdiq edir. “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlər — ABŞ-in TETRA Tech və Türkiyənin EPRA tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, Azərbaycanda bərpaolunan enerji mənbələrinin genişmiqyaslı inteqrasiyası üçün belə sistemlərin yaradılması zəruridir.
Bu mərkəzlərin əsas üstünlüklərindən biri yüksək çeviklikdir. Sistemlər cəmi iki saat ərzində tam doldurula və ya boşaldıla bilir. Günəşli saatlarda istehsal olunan artıq enerji burada toplanaraq pik saatlarda — enerjiyə tələbatın artdığı dövrlərdə avtomatik şəkildə şəbəkəyə ötürülür. Bu isə enerji istehsalı ilə istehlakı arasında balansın təmin edilməsində mühüm rol oynayır”.

Deputat bildirib ki, Batareya Enerji Saxlanc Mərkəzlərinin tətbiqi ölkənin enerji sisteminə bir sıra strateji üstünlüklər qazandırır:
“Bu ilk növbədə real vaxt rejimində nəzarətin təmin olunması, şəbəkədə tezlik və gərginliyin sabit saxlanılması, qəfil enerji çatışmazlıqlarının avtomatik tənzimlənməsi, qəzaların təsirinin minimuma endirilməsi, enerji sisteminin ümumi etibarlılığının artırılması baxımından olduqca önəmlidir. Bununla yanaşı, bu texnologiya bərpaolunan enerji mənbələrinin — xüsusilə günəş və külək enerjisinin dəyişkənliyindən yaranan problemlərin aradan qaldırılmasına imkan verir. Sistem həmçinin enerjisistemin “sıfırdan bərpası” (black start) imkanlarını da gücləndirir.
Eyni zamanda bu ölkəmizin alternativ enerji mənbələri ilə bağlı qarşıya qoyduğu mühüm hədəflərin icrasına xidmət edən vacib addımlardan biridir. Azərbaycanın strateji hədəflərindən biri yaşıl enerjinin ixracıdır.
Bu məqsədlə Qara dəniz kabeli və digər regional enerji dəhlizləri vasitəsilə Avropa bazarlarına çıxışın təmin edilməsi nəzərdə tutulur. Məhz bu baxımdan da “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin istifadəyə verilməsi Azərbaycanın enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur. Bu layihə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, bərpaolunan enerji mənbələrinin səmərəli inteqrasiyası və ölkənin regional enerji mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
