Bu gün ölkəmizin bütün bölgələrində inkişaf və tərəqqinin əlamətləri özünü əyani şəkildə göstərməkdədir. Müəyyənləşmiş strateji inkişaf konsepsiyasına uyğun olaraq ölkəmizin hər yerində eyni inkişaf xəttinə uyğun olaraq ardıcıl işlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın bölgələri ilə paytaxt arasında artıq eyni mənzərə müşahidə edilir ki, bu da regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən proqramların nəticəsində mümkün olub.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin bölgələrimizə ardıcıl səfərləri, görülən işlər, həyata keçirilən proqramlarla yerində tanış olması olduqca önəmlidir:
“Ölkəmizin başçısının Şamaxı rayonuna budəfəki səfəri də mühüm obyektlərin, sosial infrastrukturun, iş yerlərinin və digər vacib layihələrin açılışı ilə müşahidə olundu. Prezident İlham Əliyevin Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışını etməsi bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, Şamaxı rayonunda 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir. Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir. Onu da qeyd edək ki, bu ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir.

Dövlətimizin başçısı da kompleksin fəaliyyətə başlamasının əhəmiyyətinə toxunaraq bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük önəmini diqqətə çatdırdı. Vurğulandı ki, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatı olmaqla yanaşı idxal həcminin azaldılmasına və gələcəkdə ixraca imkan yaradan vacib addımdır.
Sözsüz ki, bu cür müasir kompleksin istifadəyə verilməsi ilk növbədə kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır”.
Deputat Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışının da əhəmiyyətinə toxunub:
“Şamaxı Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.
Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.
Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.
Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib.
Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib.
Sözsüz ki, paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir”.
Sevinc Hüseynova vurğulayıb ki, dövlətimizin başçısının Şamaxı rayonuna həyata keçirdiyi növbəti səfər bölgənin kompleks inkişafı, infrastrukturun müasirləşdirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərin yerində qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Səfər çərçivəsində Prezident İlham Əliyev ilk olaraq rayonda icra edilən genişmiqyaslı infrastruktur layihələri ilə tanış olub. Son illərdə dövlət proqramları çərçivəsində Şamaxı rayonunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulmuş, kənd və qəsəbələri birləşdirən nəqliyyat şəbəkəsi müasir standartlara uyğunlaşdırılıb. Bu layihələr regionun iqtisadi fəallığını artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının bazarlara çıxışını asanlaşdırmış, turizm imkanlarının genişlənməsinə də təkan verir.
Bu bir reallıqdır ki, Şamaxı rayonunda həyata keçirilən layihələr bölgənin simasının dəyişməsinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin rifah halının yüksəlməsinə xidmət edir. Eyni zamanda, dövlət başçısı gələcəkdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini və regionların inkişafının daim diqqət mərkəzində saxlanılacağını bildirib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bütün bölgələri dinamik inkişaf mərhələsinə qədəm qoyub və bu proses bundan sonra da davam etdiriləcəkdir”.
