II Qarabağ müharibəsindən sonra 30 illik Ermənistanın işğalından azad edilmiş ərazilərdə geniş-bərpa quruculuq işləri icra edilməyə başlanıldı. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın uzun on illiklər dağıdıb viran qoyduğu ərazilərdə yenidən həyat canlanır. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu strategiya nəticəsində bütün ölkə ərazisində olduğu kimi azad edilmiş ərazilərimizdə də işlər ardıcıllıqla və uğurla icra edilməkdədir.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, artıq altıncı ildir Qarabağ və Şərqi Zəngəzurda bayram tonqalları qalanır:
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə özünün ərazi bütövlüyü və suverenliyini tam təmin edən Azərbaycan xalqı bu gün azad edilmiş torpaqlarımızda qalanan bayram tonqallarının sevincini, qələbənin və əzmin qürurunu yaşayır. Builki Novruz Bayramını da cənab Prezident İlham Əliyev öz yurd-yuvalarına qayıdan sakinlərlə birlikdə qeyd etdi. Ərazilərimiz işğalda olduğu dövrlərdə də ölkəmizin başçısı mühüm tarixlərdə, bayramlarda keçmiş qaçqın və məcburi köçkünlərlə birlikdə olurdu. İndi isə torpaqlarımız azad edilib, bütün sərhədlərimizdə şanlı üçrəngli bayrağımız dalğalanır və xalqımız özünün milli adət-ənənələrini, milli bayramlarını hər yerdə olduğu kimi azad edilmiş torpaqlarımızda da böyük şovq və coşqu ilə qeyd edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Novruz Bayramında Xocavənd rayonunun Xanoba kəndində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olması, orada bayram tonqalını alovlandırması, yurd-yuvasına qayıdan sakinlərlə səmimi söhbətləri də xalqımızın yaddaşına əbədi həkk olunan hadisələrdəndir”.

Deputat bildirib ki, səfər çərçivəsində dövlət başçısına və birinci xanıma kəndin baş planı, həyata keçirilən layihələrin texniki-iqtisadi göstəriciləri, eləcə də tikinti prosesinin mövcud vəziyyəti barədə ətraflı məlumat təqdim edilib:
“Sözsüz ki, Xanoba kəndinin yenidən qurulması layihəsi müasir şəhərsalma və kəndsalma standartlarına uyğun hazırlanıb, ərazinin təbii-coğrafi xüsusiyyətləri, sosial-iqtisadi potensialı və gələcək inkişaf perspektivləri nəzərə alınmaqla icra edilib. Hazırda da kənddə fərdi yaşayış evlərinin tikintisi sürətlə davam etdirilir. Müasir memarlıq üslubunda inşa olunan evlər müxtəlif tipli olmaqla ailələrin say tərkibinə uyğun layihələndirilib. Hər bir evin həyətyanı sahəsi, kommunikasiya xətləri, eləcə də zəruri məişət infrastrukturu ilə təmin olunması nəzərdə tutulub. Tikinti işlərində keyfiyyətə xüsusi önəm verilir, istifadə olunan materiallar beynəlxalq standartlara cavab verir”.
Sevinc Hüseynova vurğulayıb ki, səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanoba kəndində məskunlaşan sakinlərlə görüşüblər:
“Sakinlərlə səmimi söhbət zamanı onların yaşayış şəraiti, sosial vəziyyəti, məşğulluq imkanları və gündəlik qayğıları ilə maraqlanılıb. Kənd sakinləri göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmiş, doğma torpaqlara qayıtmağın sevincini bölüşüb. Onlar qeyd etmişlər ki, dövlət tərəfindən yaradılan şərait onların rahat və təhlükəsiz həyat sürməsinə geniş imkanlar açır.
Görüş zamanı həmçinin əhalinin məşğulluğunun təmin olunması məsələlərinə toxunulub. Bildirilib ki, kənddə kənd təsərrüfatının inkişafı üçün münbit şərait mövcuddur və bu istiqamətdə dövlət tərəfindən dəstək mexanizmləri tətbiq edilir. Fermer təsərrüfatlarının yaradılması, aqrar sahədə innovativ texnologiyaların tətbiqi, subsidiyaların verilməsi və digər tədbirlər kənd əhalisinin gəlir imkanlarının artırılmasına xidmət edəcəkdir. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində də işlər görülür.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının uğurla icra olunduğunu və bu proqram çərçivəsində minlərlə insanın doğma yurdlarına qayıdışının təmin ediləcəyini diqqətə çatdırıb.
Sözsüz ki, bu ərazilərdə həyata keçirilən bütün layihələr ən yüksək standartlara uyğun icra olunur və gələcək nəsillər üçün dayanıqlı yaşayış mühiti yaradılır.
Beləliklə, Xanoba kəndində aparılan genişmiqyaslı yenidənqurma işləri Azərbaycanın azad edilmiş ərazilərində həyatın bərpası, sosial rifahın yüksəldilməsi və iqtisadi dirçəlişin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bariz nümunəsi kimi mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər, eyni zamanda, ölkənin ərazi bütövlüyünün bərpasından sonra regionun davamlı inkişafına yönəlmiş strateji baxışın praktik təzahürüdür”.
