Bildiyimiz kimi Avropa İttifaqının 10 üzvü Azərbaycan qazı ilə təmin olunur və ümumilikdə 16 ölkə Azərbaycanın enerji resurslarını idxal edir. Bu göstərici Azərbaycanı boru kəmərləri vasitəsilə geniş coğrafiyaya qaz ixrac edən aparıcı ölkələrdən birinə çevirib.
Bu prosesdə mühüm rol oynayan layihə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində strateji əhəmiyyət kəsb edir. Məhz bu layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və alternativ enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir. Prezident İlham Əliyevin bəyanatına görə, yaxın iki-üç il ərzində Azərbaycan qaz hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Yeni yataqların istismara verilməsi nəticəsində mövcud həcmlərə əlavə olaraq minimum 10 milyard kubmetr qazın bazara çıxarılması nəzərdə tutulur.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycan-Avropa İttifaqı enerji əməkdaşlığını yalnız ənənəvi karbohidrogen resursları ilə məhdudlaşdırmaq düzgün deyil. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmizdə paralel olaraq bərpaolunan enerji istiqamətində də böyük layihələr həyata keçirir.
Azərbaycan öz təbii resurslarına görə zəngin bərpa olunan enerji mənbələrinə malikdir. Azərbaycan yaxın 5-6 il ərzində Günəş, külək və su elektrik enerjisi üzrə geniş potensialı ilə 6–8 giqavatlıq bərpaolunan enerji gücü yaratmağı planlaşdırır. Xəzər hövzəsində külək enerjisi, ölkənin cənub və qərb bölgələrində isə günəş enerjisi layihələri artıq beynəlxalq investorların diqqətini cəlb edir. Bütün bu qeyd etdiyimiz istiqamət Avropa tərəfdaşlarımız üçün gələcəkdə “yaşıl enerji”nin Avropaya ixracı üçün yeni imkanlar yaradır.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
