İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları qətiyyətlə pislənilir. Azərbaycanın ayrılmaz hisəsi olan Naxçıvana, mülki aeroporta qarşı dron hücumun həyata keçirilməsi açıq riyakarlığın təzahürüdür.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür:
“Sözsüz ki, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğu və riyakarlığının göstəricisidir. Həmçinin mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Bu eyni zamanda beynəlxalq hüququn tam şəkildə pozulmasıdır. Çünki Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Ona görə də İran İslam Respublikası qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirməli, buna izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməlidir”.
Deputat bildirib ki, Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalıb:
“Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib. Bu bir reallıqdır ki, Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub. Bu mənada Azərbaycan İrana da humanitar yardım göndərməyi də planlaşdırırdı. Amma buna baxmayaraq belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf alması dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilir. Faktiki olaraq İran rejimi bu ölkədə yaşayan azərbaycanlılara qənim kəsilib. Bu gün İranda yaşayan soydaşlarımız bütün hüquqlardan məhrum edilib, onlar daim təzyiq altında saxlanılıb, azərbaycanlı fəallar təqib olunur, cəzalandırılır. Ona görə də İran tərəfi atdığı addımlara görə bir daha düşünməlidir. Çünk Azərbaycana hücum edənlər həmişə peşman olublar. Öz növbəsində İran da bu qorxaq əməlinə görə peşman olacaq. Hələlik isə Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayıb və sözsüz ki, bu hücum aktlar cavabsız da qalmayacaq”.
