Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarında çıxışında mühüm məsələlər barədə məqamlara toxundu. Ölkəmizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının əhəmiyyətini yüksək qiymətləndirdi. Azərbaycanın enerji strategiyasının əsas istiqamətləri, regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də yaşıl enerji keçidi sahəsində görülən işlər barədə də geniş məlumat verildi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, dövlətimizin başçısının da vurğuladığı kimi Bakı artıq ənənəvi olaraq enerji məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib: “Bu xüsusda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının fəaliyyəti yüksək qiymətləndirilir. Məhz bu formatda iştirakçı ölkələr və tərəfdaş qurumlar arasında səmərəli əməkdaşlıq üçün etibarlı mexanizmin formalaşması mümkün olur. Sözsüz ki, cənab Prezidentin də qeyd etdiyi kimi Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü ilə reallaşdırılmış və bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji infrastruktur sistemidir. O, layihənin bütün seqmentlərinin – “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri uğurla icra edilir. Bütün bu amillər isə Azərbaycan etibarlı tərəfdaş kimi qaz təchizatının coğrafiyasını genişləndirərək Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.

Hazırkı mövcud geosiyasi şəraitdə enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Bu baxımdan, Azərbaycanın təbii qaz ixracının artırılması və yeni bazarlara çıxış imkanlarının araşdırılması prioritet istiqamətlərdəndir. Bu isə enerji layihələrinin həyata keçirilməsində qarşılıqlı etimad, siyasi iradə və uzunmüddətli tərəfdaşlıq amillərini zəruri edir.
İndiki şəraitdə isə əsas istiqamətlərdən biri də yaşıl enerji gündəliyi ilə bağlıdır. Bu bir reallıqdır ki, Azərbaycan yalnız ənənəvi enerji resurslarının ixracatçısı deyil, eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi önəm verən ölkədir. Ölkəmizin zəngin günəş və külək potensialı yaşıl enerji istehsalının genişləndirilməsi üçün geniş imkanlar yaradır. Xəzər dənizinin Azərbaycan sektorunda böyük külək enerjisi potensialının mövcudluğu buna imkan verir. Azərbaycan dövlətinin beynəlxalq tərəfdaşlarla imzalanmış müqavilələr çərçivəsində ölkədə iri həcmli günəş və külək elektrik stansiyalarının inşası həyata keçirilir. Bu layihələr daxili tələbatın ödənilməsi ilə yanaşı, gələcəkdə yaşıl enerjinin ixracına da imkan yaradacaq. Eyni zamanda Azərbaycanın enerji strategiyası şaxələndirmə prinsipi əsasında qurulub və bu strategiya həm ənənəvi, həm də alternativ enerji sahələrini əhatə edir”.
Deputat Bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir: “Bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu xüsusda Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrin gələcək əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik mövcuddur. Sözsüz ki, Azərbaycanın uğurlu enerji strategiyası mövcudur. Ölkəmizin enerji siyasəti milli maraqların təminatına xidmət edir. Bu gün regional və qlobal miqyasda artan təhdidlər fonunda Azərbaycan etibarlı enerji təminatçısı rolunda çıxış edir ki, bunun da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasına əsaslanır. Məhz cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strategiya ölkəmizin milli maraqlarının daha da güclənməsinə xidmət edib. Bu gün qalib ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkə kimi Azərbaycan qlobal enerji təchizatı məsələsində ən etibarlı tərəfdaş rolundadır. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinin açıq şəkildə ifadəsi kimi qəbul edilir”.
