Prezident İlham Əliyevin Xocalı və Xocavənd rayonlarına səfəri ölkənin ictimai-siyasi həyatında mühüm və əlamətdar hadisə kimi dəyərləndirilir. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri həmin torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin nəzarətdə saxlanıldığını, eyni zamanda keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bir daha nümayiş etdirir.
Bu sözləri Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyev Xocalı şəhərində və Xocavənd rayonunda həyata keçirilən infrastruktur layihələri ilə yerində tanış olub, görülən işlərin gedişi barədə ətraflı məlumat almışdır: “
“II Qarabağ müharibəsindən sonra 30 il Ermənistanın işğalı altında qalan və bütün yaşayış məntəqləri, infrastrukturu məhv edilən, ekoloji terrora məruz qalan ərazilərimiz bu gün yeni bir inkişaf mərhələsinə daxil olub. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur bərpa edilir və bu torpaqlar dirçəldilir. Sözsüz ki, azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsipləri əsasında yaşayış kompleksləri inşa edilir, fərdi evlər tikilir, inzibati binalar, təhsil və səhiyyə müəssisələri qurulur, yol-nəqliyyat infrastrukturu yenidən təşkil olunur. Eyni zamanda, elektrik enerjisi, içməli su, qaz və rabitə xətlərinin çəkilişi istiqamətində kompleks tədbirlər həyata keçirilir. İşlərin keyfiyyətlə və müəyyən olunmuş qrafikə uyğun icrası təmin edilir.

Xocalı və Xocavənddə olan cənab Prezident İlham Əliyev sakinlərlə görüşərək onlarla səmimi söhbət aparıb. Dövlətimizin başçısı Xocalı sakinlərinin doğma torpaqlarına qayıdışının tarixi ədalətin bərpasının bariz təzahürü olduğunu qeyd edib. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır və onların təhlükəsiz, rahat və firavan həyat şəraiti ilə təmin olunması üçün bütün zəruri tədbirlər görülür.
Ölkə başçının da vurğuladığı kimi Xocalının bərpası yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır, burada sosial həyatın canlandırılması, məşğulluğun təmin edilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi də əsas hədəflər sırasındadır.
Öz növbəsində sakinlər də dövlət başçısına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmiş, qısa müddət ərzində həyata keçirilən quruculuq işlərini yüksək qiymətləndirmişlər.
Uzun illər həsrətlə gözlənilən doğma yurda qayıdış artıq reallığa çevrilib. Prezident İlham Əliyev çıxışında bir daha bəyan etmişdir ki, azad edilmiş bütün ərazilərdə həyat bərpa olunacaq, şəhər və kəndlər müasir tələblərə uyğun şəkildə yenidən qurulacaqdır.
Xocavənd rayonuna səfər çərçivəsində də dövlət başçısı bölgənin sosial-iqtisadi potensialının reallaşdırılması istiqamətində görülən işlərlə tanış olub. Bu rayonun da kənd təsərrüfatı, turizm və digər sahələr üzrə imkanları nəzərə alınaraq uzunmüddətli inkişaf proqramları hazırlanıb. Aad edilmiş ərazilər dayanıqlı inkişaf modeli əsasında qurulur, müasir texnologiyalar tətbiq edilir, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları geniş şəkildə reallaşdırılır”.
Aqil Məmmədov vurğulayıb ki, ölkə başçısının səfərinin ən əlamətdar məqamlarından biri Xocalı Soyqırımı Memorialının açılış mərasimi olub: “Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən biri olduğunu qeyd edib. Dövlət başçısı vurğulamışdır ki, bu faciə nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirilmiş, şəhər tamamilə dağıdılıb. Cənab Prezident bir daha bəyan edib ki, Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Eyni zamanda Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti də diqqətə çatdırıldı. Bu mənada Memorial Kompleksin ucaldılması həm faciə qurbanlarının xatirəsinə ehtiramın ifadəsidir, həm də gələcək nəsillərə bu tarixi həqiqətlərin unudulmaması üçün mühüm mesajdır. Sözsüz ki, Azərbaycan dövləti hər zaman öz şəhidlərinin xatirəsini uca tutur və onların qanı yerdə qalmayıb.
Həmçinin milli birliyin və həmrəyliyin ölkənin gücünün əsas mənbəyi olduğu bir daha qeyd edilib.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Xocalı və Xocavənd rayonlarına səfəri, sakinlərlə görüşü və Xocalı Soyqırımı Memorialının açılışındakı proqram xarakterli nitqi Azərbaycan dövlətinin prinsipial mövqeyini, milli yaddaşa və tarixi ədalətə sadiqliyini bir daha təsdiq etmişdir. Bu səfər işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinin ardıcıl və sistemli xarakter daşıdığını, eyni zamanda dövlətin vətəndaşına verdiyi dəyərin bariz nümunəsi olduğunu nümayiş etdirir”.
