Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın və ailə üzvlərinin Xocalı və Xocavənd rayonlarına səfəri ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı.
Sözsüz ki, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri bərpa-quruculuq prosesinə verilən yüksək əhəmiyyətin, eyni zamanda keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha nümayiş etdirir.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyev Xocalı şəhərində və Xocavənd rayonunda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olmuş, infrastruktur layihələrinin icra vəziyyəti barədə məlumat alıb:
“Bu gün azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsipləri əsasında yaşayış kompleksləri, sosial obyektlər, inzibati binalar, təhsil və səhiyyə müəssisələri inşa olunur, yol-nəqliyyat infrastrukturu yenidən qurulur, kommunal xidmətlərin dayanıqlı və fasiləsiz təminatı istiqamətində mühüm addımlar atılır.
Prezident İlham Əliyev səfər zamanı Xocalı sakinləri ilə səmimi görüş keçirib. Dövlətimizin başçısı vurğulayıb ki, Xocalı sakinlərinin öz doğma yurdlarına qayıdışı tarixi ədalətin təntənəsidir. Azərbaycan dövləti vətəndaşlarının təhlükəsiz, firavan və layiqli həyat şəraiti ilə təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Azad edilmiş bütün ərazilərdə olduğu kimi, Xocalıda da müasir standartlara cavab verən sosial infrastruktur yaradılır, əhalinin məşğulluq imkanları genişləndirəcək, dayanıqlı iqtisadi fəaliyyət təmin edəcək işlər görülür.

Xocavənd rayonuna səfər çərçivəsində də dövlət başçısı aparılan bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Sözsüz ki, regionun sosial-iqtisadi potensialının reallaşdırılması, kənd təsərrüfatı, turizm və digər sahələrin inkişafı istiqamətində kompleks tədbirlər görülür. Prezident İlham Əliyev də bəyan edib ki, işğal dövründə dağıdılmış yaşayış məntəqələrinin bərpası və əhalinin mərhələli şəkildə geri qayıdışı planlı və sistemli şəkildə davam etdirilir”.
Deputat bildirib ki, ölkə başçısının Xocalı və Xocavəndə səfərinin ən mühüm hadisələrindən biri Xocalı Soyqırımı Memorialının açılış mərasimi oldu:
“Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını, bu faciənin beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının bariz nümunəsi olduğunu qeyd etdi. Dövlət başçısı bildirdi ki, Xocalı qurbanlarının xatirəsi daim ehtiramla anılacaq, onların faciəsi heç vaxt unudulmayacaqdır.
Cənab Prezidentin də vurğuladığı kimi Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir. Memorialın ucaldılması təkcə keçmişin ağrılı xatirəsinin yad edilməsi deyil, eyni zamanda gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması, ədalətin bərqərar olunması naminə atılan mühüm addımdır.
Dövlət başçısı çıxışında Azərbaycan xalqının birliyini, həmrəyliyini və milli iradəsini xüsusi vurğulamış, məhz bu amillərin ölkəmizin gücünü və qələbəsini təmin etdiyini bildirib. Qeyd edilib ki, azad edilmiş bütün torpaqlarda həyat tam bərpa olunacaq, bölgə sabitlik, təhlükəsizlik və inkişaf məkanına çevriləcəkdir.
Bütün bunlar onu deməyə əasa verir ki, Prezident İlham Əliyevin Xocalı və Xocavəndə səfəri həm tarixi ədalətin təntənəsi, həm də gələcəyə inamın ifadəsi kimi mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının sakinlərlə görüşü, bərpa-quruculuq prosesinə verdiyi qiymət və Xocalı Soyqırımı Memorialının açılışında səsləndirdiyi dərin məzmunlu nitq Azərbaycan dövlətinin qətiyyətli mövqeyini, milli yaddaşa və tarixi həqiqətlərə sadiqliyini bir daha nümayiş etdirir”.
