Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılış mərasimində geniş, məzmunlu və tarixi əhəmiyyət daşıyan nitqində xalqımızın ağır məşəqqətli və zəfər yoluna bir daha nəzər salındı. Dövlətimizin başçısı çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını, bu hadisənin yalnız bir şəhərin deyil, bütövlükdə insanlığın vicdanına qarşı törədilmiş ağır cinayət olduğunu xüsusi vurğulayıb.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizin başçısının da vurğuladığı kimi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı xüsusi qəddarlıqla həyata keçirilmiş hücum nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə sakin öz doğma torpaqlarından didərgin salınıb:
“Qadınların, uşaqların və ahılların xüsusi amansızlıqla öldürülməsi bu faciənin insanlıq əleyhinə cinayət olduğunu bir daha sübut edir. Dövlət başçısı da çıxışında bildirdi ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biri kimi tarixdə qalacaqdır.
Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli və məqsədyönlü fəaliyyət həyata keçirib. Bu istiqamətdə aparılan diplomatik səylər, informasiya siyasəti və beynəlxalq platformalarda qaldırılan məsələlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı faciəsinə hüquqi-siyasi qiymət verib. Prezidentin də bəyan etdiyi kimi ədalətin təmin olunması və günahkarların məsuliyyətə cəlb edilməsi beynəlxalq hüququn əsas prinsiplərindən irəli gəlir.
Dövlətimizin başçısı nitqində memorial kompleksinin inşasının xüsusi mənəvi və siyasi əhəmiyyət daşıdığını bildirib. Cənab Prezident qeyd edib ki, bu memorial yalnız bir xatirə abidəsi deyil, həm də milli yaddaşın, tarixi həqiqətin və ədalətə çağırışın rəmzidir. Burada əbədiləşdirilən xatirə gələcək nəsillərə faciənin mahiyyətini anlatmaq, xalqımızın üzləşdiyi ədalətsizliyi unutdurmamaq baxımından mühüm rol oynayacaqdır”.
Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyev çıxışında eyni zamanda Azərbaycan xalqının son illərdə göstərdiyi milli həmrəylik və qətiyyətin tarixi nəticələr verdiyini də diqqətə çatdırıb:
“Qazanılmış Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, uzun illər davam edən işğala son qoyulub. Dövlətimizin başçısı bildirdi ki, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması, şəhər və kəndlərin yenidən inşa olunması, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı tarixi ədalətin təntənəsidir.

Sözsüz ki, Xocalı qurbanlarının xatirəsi daim uca tutulacaq, onların əziz ruhu heç vaxt unudulmayacaqdır. Azərbaycan dövləti şəhid ailələrinə və müharibədən zərər çəkmiş insanlara daim diqqət və qayğı göstərir. Bu siyasət həm sosial ədalətin təmin olunmasına, həm də milli birliyin möhkəmləndirilməsinə xidmət edir.
Eyni zamanda, dövlətimizin başçısı çxışında beynəlxalq ictimaiyyəti bu cür faciələrə hüquqi və mənəvi qiymət verməyə, insanlığa qarşı törədilmiş cinayətlərin cəzasız qalmamasına çağırdr. Bəyan edildi ki, sülh və təhlükəsizlik yalnız ədalət prinsipləri əsasında mümkündür və regionda davamlı sabitliyin təmin edilməsi üçün qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət əsas şərtdir.
Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Bu faciə heç vaxt unudulmayacaq, gələcək nəsillər tarixi həqiqətləri bilməli və milli kimliklərini bu yaddaş üzərində formalaşdırmalıdırlar. Memorial kompleksi isə xalqımızın sarsılmaz iradəsinin, ədalətə inamının və tarixi həqiqətə sədaqətinin əbədi simvolu kimi gələcək nəsillərə xidmət edəcəkdir.
