ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cəanb İlham Əliyevin səfəri zamanı baş vermiş insident ölkə ictimaiyyəti və siyasi dairələr tərəfindən ciddi narahatlıqla qarşılandı. Xaricdə yaşayan bir qrup anti-Azərbaycan ünsürün dövlət başçısının qaldığı hotelə aqressiv və təhrikedici formada daxil olmağa cəhd etməsi cəmiyyətimiz tərəfindən də hiddətlə qarşılanıb.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Vaşinqtondakı anti-milli ünsürlər ABŞ-dakı şovinist erməni dairələrinin əlaltısı, onların sifarişləri ilə hərəkət edənlər xalq düşmənləridir:
“Təsadüfi deyil ki, onların aqressiv və qeyri-əxlaqi aksiyasına ilk reaksiya və dəstək erməni diasporu tərəfindən yəni, ANCA təşkilatı tərəfindən verilib. ANCA-dan sonra dərhal səsini çıxaran isə Azərbaycanın düşməni Frenk Pallone oldu.
F.Pallonenin erməni maliyyəsində oturduğu, erməni lobbisi tərəfindən idarə olunduğu, ANCA-dan maaş aldığı, Azərbaycanın düşməni olduğu hər kəsə bəllidir. Həmçinin onun da Menendez kimi cinayətlərdə əlinin olması gec-tez üzə çıxacaq.
F.Pallone Azərbaycana qarşı olan mənfur “907-ci düzəlişin” müəlliflərindən biridir. Onlar həmçinin Xocalı soyqırmını inkar edən, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına çağıran, vaxtilə işğal altında olan torpaqlara səfər edən şəxslərdir”.
Deputat bildirib ki, anti-milli ünsürlər şovinist erməni dairələri ilə əlbir olaraq Azərbaycana qarşı eyni cəbhədə yer alıblar və ən axırıncı yola qədəm qoymaqdan belə çəkinmirlər:
“Bu ünsürlər böyük beynəlxalq tədbirin keçirildiyi gün Vaşinqtonda ABŞ-ın təhlükəsizlik qaydalarını kobud şəkildə pozublar. Eyni zamanda cənab Prezidentin qaldığı otelin ətrafında təhlükəsizlik perimetrini zorakı formada pozmağa çalışaraq, qeyri-etik ifadələr işlətməkdən çəkinməyərək, təhrikedici və zorakı addlmlar atıblar. Sözsüz ki, bu ünsürlərlərin cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alınıb.
Baş verənlər cəmiyyətimiz tərəfindən hiddətlə qınanılır. Hər zaman erməni diasporasının yedəyində getməyə adət etmiş bu cür anti-milli qüvvələr növbəti dəfə öz çirkin niyyətlərini ortaya qoymağa çalışıblar. Çünki bu qüvvələr Azərbaycan dövlətinin uğurlarını, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi faktı ilə barışmaq istəmirlər.
Amma bu kimi dağıdıcı qüvvələrə Azərbaycan cəmiyyətində yer olmadığı üçün onlar özləri-özlərini buradan ixrac edərək yedəyində getdiyi qüvvələrin ağuşuna sığınsalar da həmişə olduğu kimi bu dəfə də bütün niyyətləri alt-üst olacaq”.
