Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı ölkəmizə və onun Liderinə verilən yüksək qiymətin bariz nümunəsidir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə cənab Prezident İlham Əliyevin qlobal sülh prosesində iştirakı həmçinin tarixi hadisə kimi dəyərləndirilir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclasında iştirakı ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik təşəbbüslərinə verdiyi önəmin, eləcə də qlobal əməkdaşlıq platformalarında fəal rolunun bariz nümunəsidir.

Sülh Şurasının ilk iclası müxtəlif ölkələrin dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini, diplomatik korpus nümayəndələrini və ekspertləri bir araya gətirərək, müasir dövrdə təhlükəsizlik çağırışları, regional münaqişələrin həlli yolları və davamlı sülhün təmin olunması istiqamətində birgə fəaliyyət mexanizmlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasət yürüdür, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin dayanıqlı sülhün təməl prinsipi olduğunu bəyan edir. Bu bir reallıqıdır ki, müasir dünyada qarşılıqlı etimadın möhkəmləndirilməsi, dialoq mühitinin genişləndirilməsi və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın regionda sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar, postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri, habelə humanitar təşəbbüslərinin müəllifidir:
“Ölkəmiz dayanıqlı inkişaf və təhlükəsizlik arasında qarşılıqlı bağlılığı əsas götürərək, iqtisadi əməkdaşlığın və nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsini regional sabitliyin mühüm amili hesab edir.
Sözsüz ki, Vaşinqtonda keçirilən Sülh Şurasının iclası çərçivəsində dövlətimizin başçısı bir sıra yüksək səviyyəli görüşlər də keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, enerji təhlükəsizliyi, regional layihələr və qlobal çağırışlara qarşı birgə mübarizə məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan beynəlxalq tərəfdaşları ilə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığa xüsusi önəm verir.
Təbii ki, sülh təşəbbüslərinin uğurlu olması üçün inklüziv yanaşma, ədalət prinsipi və beynəlxalq hüquqa sadiqlik əsas şərtlərdəndir. Bu mənada Azərbaycan dövləti bundan sonra da qlobal sülh gündəliyinə fəal töhfə verməyə hazırdır”.
Məlahət İbrahimqızı hesab edir ki, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycan Prezidentinin iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha bir göstəricisi kimi qiymətləndirilir:
“Beləliklə, Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycanın sülhə, təhlükəsizliyə və əməkdaşlığa əsaslanan xarici siyasət kursunun ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha nümayiş etdirib”.
