Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə səfəri tarixi hadisə idi. Ölkəmizin başçısının Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı da bu xüsusda mühüm önəm kəsb edir. Sözsüz ki, bu addım son dövrlər Azərbaycanla ABŞ arasında güclənən əlaqələrin növbəti təzahürü kimi də xarakterizə edilib.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, yeni ABŞ Administrasiyası ilə Azərbaycan arasında bir çox sahələrdə yeni əməkdaşlıq müstəvisində əlaqələrin inkişafı müşahidə edilir:
“Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ səfəri əldə edilən razılaşmalar bu baxımdan mühüm önəm kəsb edir. Eyni zamanda Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında olan səmimi münasibətlər qarşıya qoyulan vəzifələrin uğurla icrası istiqamətində həlli mühüm amil kimi qiymətləndirilir. Hər iki Liderin ötən il Vaşinqton görüşündən sonra bir sıra vacib platformalarda görüşü, qarşılıqlı fikir mübadiləsi aparması ölkələr arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcı hesab edilir.
Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarıın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı mühüm önəm kəsb edir. Şura İclası beynəlxalq təhlükəsizlik, regional sabitlik və davamlı sülhün təmin olunması istiqamətində çoxtərəfli əməkdaşlıq məsələlərinə həsr olunub.

Şura İclasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu siyasi, ictimai xadimlər iştirak ediblər. Mərasimdə qlobal çağırışlar fonunda dialoq və qarşılıqlı etimadın möhkəmləndirilməsinin vacibliyini vurğulanıb, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin əhəmiyyəti qeyd edilib”.
Deputat bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə regional və beynəlxalq sülh təşəbbüslərinə mühüm töhfə verib:
“Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunması Azərbaycan üçün prioritet istiqamətdir. Ölkəmiz hər zaman suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan əməkdaşlıq modelini dəstəkləyib. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat-kommunikasiya layihələri vasitəsilə regionlararası əlaqələrin genişləndirilməsində oynadığı rolu bu gün qlobal miqyasda təqdir edilir. Ölkəmiz multikulturalizm və tolerantlıq ənənələrinə sadiq qalaraq mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun təşviqinə də mühüm önəm verir”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan coğrafi mövqeyi və etibarlı tərəfdaş imici sayəsində Avropa ilə Asiya arasında strateji körpü rolu oynayır:
“Azərbaycan həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına töhfə verir. Ölkəmiz enerji və logistika sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrlə iqtisadi qarşılıqlı asılılığı artıraraq sabitlik və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərdə fəal iştirakı, sülhməramlı əməliyyatlara verdiyi töhfə və dialoq platformalarına ev sahibliyi etməsi qlobal sülh gündəliyinə praktik dəstəyin bariz nümunəsi kimi dəyərləndirilir. Sözsüz ki, ölkəmiz bundan sonra da münaqişələrin danışıqlar yolu ilə həllini, qarşılıqlı etimadın möhkəmləndirilməsini və inklüziv əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını dəstəkləməkdə davam edəcəkdir”.
