Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan–Serbiya əlaqələrinin bütün istiqamətlər üzrə dinamik inkişaf etdiyini bir daha təsdiqləmiş oldu.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimad mühiti mövcuddur:
“Səfər zamanı Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə və təkbətək görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Serbiya arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət münasibətlərin əsasını təşkil edir. Bu mövqe beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək şəklində özünü göstərir. Eyni zamanda iki dövlət arasında imzalanmış sənədlər və hüquqi baza rolunu oynayır. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
İmzalanan razılaşmalar iki ölkə arasında müqavilə-hüquqi bazanın daha da zənginləşdirilməsinə xidmət edir və qarşılıqlı fəaliyyət mexanizmlərinin institusional əsaslarını möhkəmləndirir. Xüsusilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və birgə investisiya layihələrinin təşviqi əsas prioritetlər sırasında qeyd olunub. Bununla yanaşı enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biridir. Görüşlər zamanı Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi vurğulanıb”.
Deputat bildirib ki, Serbiyanın enerji şaxələndirilməsi siyasətində Azərbaycan qazının rolu olduqca önəmlidir:
“Gələcəkdə həmçinin enerji tədarükünün artırılması və yeni infrastruktur layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub. Eyni zamanda bərpaolunan enerji mənbələri və “yaşıl enerji” sahəsində təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması perspektivləri nəzərdən keçirilib. İki ölkə arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığı damühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən biznes forum və işgüzar görüşlərdə iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak etmiş, konkret investisiya layihələri və tərəfdaşlıq imkanları müzakirə olunub. Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, sənaye, tikinti, nəqliyyat-logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. Azərbaycanın Serbiyada, eləcə də Serbiyanın Azərbaycanda investisiya fəaliyyəti üçün əlverişli mühitin mövcud olduğu qeyd edilib.
Bununla yanaşı humanitar və mədəni əlaqələrin də inkişafı xüsusi ilə önə çəkilib. Azərbaycan ilə Serbiya arasında humanitar əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Bu kontekstdə tələbə və akademik mübadilə proqramlarının genişləndirilməsi, mədəni tədbirlərin təşkili və turizm axınının artırılması məsələləri diqqət mərkəzində olub.
Sözsüz ki, regional və beynəlxalq məsələlər üzrə mövqelərin yaxınlığı bir daha bəyan edilib. Regional təhlükəsizlik, Balkan və Cənubi Qafqaz regionlarında mövcud vəziyyət, habelə qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Serbiya beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhün tərəfdarı olduqlarını bir daha bəyan ediblər. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğuyıblar.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirib. İmzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradıb, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin yeni mərhələsinə yol açıb. Ona görə də, cənab Prezidentin Serbiyaya səfəri iki dost və tərəfdaş ölkə arasında münasibətlərin uzunmüddətli perspektivdə daha da genişlənəcəyinə və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davamlı xarakter alacağına əminlik yaradıb”.
