Prezident İlham Əliyevin bu ilki Münxen Təhlükəsizlik Konfransında iştirakı tarixi hadisələrlə və mühüm məsələlərin müzakirəsi, həmçinin vacib görüşlərin keçirilməsi ilə yaddaşalara həkk olunur. Fevralın 13-dən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Münxen Təhlükəsizlik Konfransında olduqca məhsuldar görüşlər keçirir ki, bu görüşlərdə ölkəmizin milli maraqları, sülh və əməkdaşlıq, regional kommunikasiya xəttlərinin açılması, eneji məsələləri və digər mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından dünyanın ən nüfuzlu platformalarından biri hesab olunan Münxen Təhlükəsizlik Konfransında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı beyin mərkəzlərinin təmsilçiləri, nüfuzlu ekspertlər və media nümayəndələri iştirak edir.
Konfransın plenar iclaslarında çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan geosiyasi gərginliklər, silahlı münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və kibertəhlükəsizlik kimi çağırışlar barədə fikirlərini bölüşüb. Dövlətimizin başçısı bildirib ki, qlobal təhlükəsizliyin təmin olunması yalnız çoxtərəfli əməkdaşlıq, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək əsasında mümkündür.
Cənab Prezident həmçinin Cənubi Qafqaz regionunda postmünaqişə dövrünün reallıqları barədə ətraflı məlumat verib, bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüsləri diqqətə çatdırılıb.
Regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının, iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin və humanitar təmasların genişləndirilməsinin uzunmüddətli sülh üçün əsas şərtlərdən biri olduğu vurğulanıb”.

Deputat bildirib ki, dövlətimizin başçısı həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində oynadığı rolu xüsusi qeyd edib:
“Vurğulanıb ki, ölkəmiz uzun illərdir etibarlı enerji təchizatçısı kimi çıxış edir və enerji marşrutlarının şaxələndirilməsinə mühüm töhfə verir. Prezident İlham Əliyev eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji” layihələrinin reallaşdırılması və enerji keçidinin sürətləndirilməsi istiqamətində görülən işlərbdən bəhs edib. barədə məlumat verib.
Azərbaycanın zəngin bərpaolunan enerji potensialı, xüsusilə günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr regionda ekoloji dayanıqlığın təmin olunmasına və iqlim öhdəliklərinin icrasına xidmət edir. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qalır”.
Məlahət İbrahimqızı Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev bir sıra ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, habelə aparıcı şirkətlərin icraçı direktorları ilə görüşlərinin əhəmiyyətinə də toxunub:
“Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, enerji, nəqliyyat, rəqəmsal transformasiya və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu görüşlərdə tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli nəqliyyat və logistika layihələrinin Avrasiya məkanında iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Münxen Təhlükəsizlik Konfransında iştirak Azərbaycanın beynəlxalq platformalarda fəal və təşəbbüskar rolunun növbəti təzahürü kimi qiymətləndirilir. Prezident İlham Əliyevin çıxış və görüşləri ölkəmizin milli maraqlarının müdafiəsi, regional sabitliyin möhkəmləndirilməsi və qlobal təhlükəsizlik məsələlərinə konstruktiv töhfə vermək iradəsini bir daha nümayiş etdirib.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı uzun illərdir beynəlxalq təhlükəsizlik arxitekturasının müzakirə edildiyi əsas dialoq meydanlarından biri kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidentinin bu mötəbər tədbirdə iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir”.
