Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə strateji hədəflər və prioritet istiqamətlər bir daha bəyan edildi. Müşavirə ölkəmizdə rəqəmsal transformasiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Dövlət idarəçiliyinin müasirləşdirilməsi, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və insan kapitalının inkişafı ilə bağlı mühüm məsələlər geniş şəkildə müzakirə olundu.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi qlobal miqyasda rəqəmsal texnologiyalar iqtisadi artımın, səmərəli idarəetmənin və milli təhlükəsizliyin əsas amillərindən birinə çevrilib:
“Bu baxımdan, Azərbaycanın rəqəmsal inkişaf strategiyası yalnız texnoloji yenilənmə deyil, həm də dövlət idarəçiliyində şəffaflığın artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.
Müasir dövrdə süni intellekt, böyük verilənlər (Big Data), bulud texnologiyaları və rəqəmsal platformalar iqtisadiyyatın bütün sahələrində yeni imkanlar yaradır. Azərbaycan da bu proseslərdən kənarda qalmamalı, əksinə, regionda qabaqcıl rəqəmsal mərkəzlərdən birinə çevrilməlidir.
Müşavirədə də bildirildi ki, vahid rəqəmsal arxitekturanın yaradılması dövlət informasiya sistemlərinin inteqrasiyasını təmin etməli, məlumat bazalarının əlaqələndirilməsinə və resurslardan səmərəli istifadəyə şərait yaratmalıdır. Bu çərçivədə bütün dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim olunması əsas məqsədlərdən biridir.

Qeyd olundu ki, “mygov” portalının funksionallığının genişləndirilməsi və xidmətlərin tam rəqəmsal formata keçirilməsi vətəndaş-dövlət münasibətlərində yeni keyfiyyət mərhələsi yaradacaqdır. Bu yanaşma inzibati prosedurların sadələşdirilməsinə, vaxt və maliyyə itkilərinin azaldılmasına, eyni zamanda korrupsiya risklərinin minimuma endirilməsinə xidmət edəcəkdir”.
Deputat bildirib ki, Prezident İlham Əliyev süni intellekt texnologiyalarının dövlət və özəl sektorda geniş tətbiqinin vacibliyini xüsusi vurğulayıb:
“Süni intellekt əsaslı həllər qərarvermə mexanizmlərinin daha operativ və dəqiq olmasına, analitik imkanların genişlənməsinə və idarəetmədə effektivliyin artmasına imkan verir.
Eyni zamanda, ölkədə data mərkəzlərinin yaradılması, bulud infrastrukturlarının gücləndirilməsi və rəqəmsal xidmətlərin dayanıqlığının təmin olunması prioritet istiqamətlər kimi müəyyən edilib. Bu tədbirlər Azərbaycanın regional rəqəmsal hab kimi mövqeyini möhkəmləndirəcəyi vurğulanıb.
Rəqəmsal inkişafla paralel olaraq kibertəhlükəsizlik məsələləri də xüsusi diqqət mərkəzində saxlanılır. Prezidentin də qeyd etdiyi kimi informasiya təhlükəsizliyi dövlətin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, müasir təhlükələrə adekvat cavab verə bilən texnoloji və institusional mexanizmlər formalaşdırılmalı, kibertəhlükəsizlik sahəsində peşəkar kadr hazırlığı gücləndirilməlidir.
Sözsüz ki, qəqəmsal arxitekturanın uğurla tətbiqi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması əsas şərtdir. Təhsil sistemində informasiya texnologiyaları üzrə ixtisasların genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və innovativ tədris proqramlarının tətbiqi prioritet istiqamətlər sırasındadır. Gənclərin startap fəaliyyətinə cəlb olunması, innovasiya mühitinin təşviqi və texnoloji sahibkarlığın dəstəklənməsi də dövlət siyasətinin mühüm komponenti kimi müəyyən edilib.
Bütün bunlar onu deməyə əsas verir ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin rəqəmsal inkişaf strategiyasının sistemli və məqsədyönlü şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edir və bu sahədə regional liderliyə iddialıdır”.
