ABŞ-in Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri tarixi hadisə idi. Prezident İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens mətbuata verdiyi birgə bəyanatlarda da səfərin əhəmiyyəti, onun tarixi xarakteri, əldə edilən nəticələr, qarşıda duran əsas hədəflər bir daha bəyan edildi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu səfər Azərbaycanla Abş arasında ikitərəfli münasibətlərlə yanaşı bütövlükdə Cənubi Qafqazın geosiyasi arxitekturası baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu region son illərdə yeni güc balansının formalaşdığı, enerji, nəqliyyat və təhlükəsizlik baxımından qlobal aktorların maraq dairəsində olan strateji məkan kimi çıxış edir. Artıq Cənubi Qafqazda yeni yəhlükəsizlik arxitekturası formalaşıb.
44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar təhlükəsizlik sisteminin yenidən formalaşdırılmasını zəruri edib. ABŞ-ın yüksək səviyyəli təmsilçisinin həm Ermənistan, həm də Azərbaycana səfər etməsi Vaşinqtonun regionda balanslaşdırılmış siyasət yürütmək niyyətini göstərir.
Bu kontekstdə Vensin səfəri regionda davamlı sülh müqaviləsinin təşviqi baxımından da əhəmiyyətlidir. Sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması prosesinə beynəlxalq dəstəyin artırılması, xarici təsir amillərinin balanslaşdırılması və çoxtərəfli təhlükəsizlik modelinin təşviqi fonunda ABŞ üçün Cənubi Qafqaz təkcə regional maraq zonası deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan geostrateji məkandır. Bu baxımdan Azərbaycan regionda sabitliyin əsas dayaqlarından biri kimi qiymətləndirilir”.
Deputat bildirib ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır. Cənub Qaz Dəhlizi və digər ixrac marşrutları Avropa bazarlarının şaxələndirilməsində mühüm rol oynayır: “ABŞ administrasiyasının yüksək səviyyədə təmsil olunması bu əməkdaşlığın davamlılığının və genişləndirilməsinin prioritet olaraq qalmasından xəbər verir.

Bununla yanaşı, bərpaolunan enerji və “yaşıl enerji dəhlizi” layihələri də gündəmdədir. Xəzər hövzəsinin külək və günəş enerjisi potensialı Qərb investisiyaları üçün yeni imkanlar yaradır. ABŞ şirkətlərinin bu sahədə iştirakı iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə şərait yarada bilər.
Səfərin mühüm geosiyasi aspektlərindən biri də Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi ilə bağlıdır. Çin–Avropa ticarət marşrutlarının şaxələndirilməsi fonunda Orta Dəhliz alternativ və təhlükəsiz tranzit xətti kimi ön plana çıxır.
Azərbaycan bu marşrutun əsas logistik mərkəzlərindən biri kimi çıxış edir. ABŞ-ın regiona artan diqqəti fonunda qlobal təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi, alternativ nəqliyyat marşrutlarının inkişafına dəstək, Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyanın gücləndirilməsi kimi mühüm amillər onə çıxmaqdadır.
Bu baxımdan Vensin səfəri Azərbaycanın regional logistika və tranzit mərkəzi statusunun beynəlxalq səviyyədə daha da möhkəmlənməsinə xidmət edir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Cənubi Qafqaz ənənəvi olaraq müxtəlif qlobal güclərin maraqlarının kəsişdiyi məkandır:
“Rusiya, Avropa İttifaqı, Türkiyə, İran və Çin regionda aktiv rol oynayır. ABŞ-in regionda təsir imkanlarını qorumaq və genişləndirmək niyyəti isə tam açıqdır.
Azərbaycan isə çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu yürüdərək müxtəlif güc mərkəzləri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirir. ABŞ ilə strateji tərəfdaşlığın dərinləşməsi bu balansın yeni elementlərindən biri kimi qiymətləndirilə bilər.
Səfər iqtisadi əməkdaşlıq baxımından da yeni imkanlar açır. Enerji sektorundan kənar sahələr — rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, yüksək texnologiyalar, kənd təsərrüfatı və infrastruktur potensial əməkdaşlıq istiqamətləri kimi ön plana çıxır. Bu isə öz növbəsində Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, texnologiya transferinə və innovasiya mühitinin güclənməsinə töhfə verə bilər.
Bütün bunların fonunda ABŞ Vitse-prezidenti Cey D. Vensin Azərbaycana səfəri təkcə diplomatik hadisə deyil, həm də regionun gələcək təhlükəsizlik və iqtisadi modelinə təsir göstərə biləcək strateji addım kimi qiymətləndirilir.
Sözsüz ki, səfər Azərbaycan-ABŞ münasibətlərini yeni strateji mərhələyə çıxarır. Cənubi Qafqazda davamlı sülh təşəbbüslərinə beynəlxalq dəstəyi gücləndirir. Eyni zamanda enerji və nəqliyyat marşrutlarının qlobal əhəmiyyətini bir daha təsdiqləyir. Bu həmçinin Azərbaycanın geosiyasi rolunu və regional lider mövqeyini möhkəmləndirir.
Beləliklə, səfər həm ikitərəfli münasibətlər, həm də geniş regional və qlobal kontekst baxımından mühüm siyasi hadisə kimi tarixə düşüb”.
