Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması ölkəmizə, onun Liderinə göstərilən ən yüksək diqqət və hörmətin bariz nümunəsidir. Bu bir reallıqdır ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ölkəmizin beynəlxalq nüfuzunun, sülhə, dialoqa və multikultural dəyərlərə verdiyi töhfənin növbəti mühüm təsdiqidir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin təsis etdiyi bu ali beynəlxalq mükafat Prezident İlham Əliyevin regional və qlobal miqyasda sülhün, qarşılıqlı anlaşmanın və insan həmrəyliyinin təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətə verilən yüksək qiymət kimi dəyərləndirilir:
“Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin banisi, dünya miqyasında humanizm və tolerantlıq ideyalarının təbliğatçısı kimi tanınan mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Bu mükafat bəşəri dəyərlərin qorunması, xalqlar və mədəniyyətlər arasında dialoqun inkişafı, dini və etnik dözümlülüyün təşviqi istiqamətində xüsusi xidmətləri olan dövlət xadimlərinə, beynəlxalq təşkilatlara və ictimai liderlərə təqdim olunur.
Mükafatın əsas məqsədi dünyada sülh, təhlükəsizlik və birgəyaşayış ideyalarını təşviq etmək, insan qardaşlığı prinsipini qlobal gündəliyin əsas prioritetlərindən birinə çevirməkdir. Bu baxımdan Azərbaycan Prezidentinin bu ali mükafata layiq görülməsi ölkəmizin beynəlxalq humanitar və siyasi təşəbbüslərinin ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirir”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və beynəlxalq müstəvidə sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş prinsipial siyasət həyata keçirir:
“Dövlətimizin başçısı daim qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olduğunu bəyan edib, dialoq və konstruktiv əməkdaşlığı alternativsiz yol kimi təqdim etmişdir.
Azərbaycan multikulturalizm, dini dözümlülük və mədəni müxtəlifliyin qorunması sahəsində dünyada nümunəvi ölkələrdən biri kimi tanınır. Müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşaması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu model beynəlxalq təşkilatlar və nüfuzlu ekspertlər tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.
Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın təmin olunması məqsədilə mühüm addımlar atılmış, qarşılıqlı etimadın bərpası və normallaşma prosesinin irəlilədilməsi istiqamətində prinsipial mövqe nümayiş etdirilib”.
Məlahət İbrahimqızı vurğulayıb ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması mərasimi yüksək səviyyədə təşkil edilib, tədbirdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu ictimai və dini xadimlər iştirak ediblər:
“Mərasim zamanı mükafat komitəsinin nümayəndələri Prezident İlham Əliyevin sülhün təşviqi, xalqlar arasında dialoqun gücləndirilməsi və insan qardaşlığı ideyalarının yayılması sahəsində xidmətlərini xüsusi vurğulayıblar.
Prezident İlham Əliyev də mərasimdə çıxışında bu mükafatı böyük şərəf kimi qəbul etdiyini bildirib, onu Azərbaycan xalqının humanizmə, tolerantlığa və qarşılıqlı anlaşmaya verdiyi töhfənin beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirib. Dövlətimizin başçısı Şeyx Zayedin irsinin bütün bəşəriyyət üçün əhəmiyyətini qeyd edib, bu irsin sülh və həmrəyliyə xidmət edən ümumbəşəri dəyərləri təcəssüm etdirdiyini vurğulayıb.
Azərbaycan Prezidentinin bu nüfuzlu mükafata layiq görülməsi beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb, müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən təbrik mesajları ünvanlanıb. Bu təbriklər Prezident İlham Əliyevin sülhə yönəlmiş siyasətinin və Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin yüksək dəyərləndirilməsinin göstəricisidir.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması Azərbaycan dövlətinin humanist dəyərlərə, sülhə və beynəlxalq əməkdaşlığa sadiqliyinin rəsmi təsdiqi olmaqla yanaşı, ölkəmizin qlobal miqyasda etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini bir daha nümayiş etdirir. Bu mükafat, eyni zamanda, gələcəkdə də sülh, qarşılıqlı anlaşma və insan qardaşlığı naminə birgə səylərin davam etdirilməsi üçün mühüm stimul kimi çıxış edir”.
