Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafı xarakterizə edir. Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında geniş tərkibdə keçirilən görüş və müzakirə edilən məsələlər mühüm istiqamətləri əhatə edib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, liderlərin görüşü zamanı iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq formatında inkişaf etdiyi vurğulanıb: “Siyasi, iqtisadi, enerji, bərpaolunan enerji, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib. Bu xüsusda hər iki lider qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə münasibətlərinin dərinləşdirilməsində əhəmiyyətini qeyd edib.
Görüş çərçivəsində enerji sahəsində mühüm sənədlər də imzalanıb. Azərbaycanın “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) investisiya qolu olan XRG şirkətinə satışı üçün sənəd imzalanıb. Bu razılaşma enerji sahəsində Azərbaycan-BƏƏ əməkdaşlığının məzmununu daha da artırır və regional enerji təhlükəsizliyi məsələlərində strateji əlaqələrin dərinləşməsinə töhfə verir.

Həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında mühüm sənəd imzalanıb. Bu sənəd iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın genişləndirilməsinə yönəlib və hərbi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə zəmin yaradır. “Sülh Qalxanı – 2026” birgə təlimi sözsüz ki, bu istiqamətdə olan əlaqələrin inkişafını xarakterizə edir.
Səfər çərçivəsində Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimini izləyib”.
Deputat bildirib ki, Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed görüşü zamanı iki ölkə arasında qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb: “Liderlər strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin artırılması ilə bağlı ümumi baxışlarını bölüşüblər. Sözsüz ki, bu səfər Azərbaycan-BƏƏ münasibətlərinin siyasi, iqtisadi, enerji və təhlüksizlik sahələrində yeni mərhələyə qədəm qoyduğunu göstərir və qarşılıqlı əməkdaşlığın gələcək inkişafı üçün əlavə imkanlar açır.
Eyni zamanda Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və regional əməkdaşlıq gündəliyinin irəliləməsi baxımından əhəmiyyətli hadisə oldu. Bu səfər çərçivəsində diplomatik, iqtisadi və müdafiə sahələrində yeni təşəbbüslər və sənədlər imzalanmış, hərbi təlimlərə qatılma kimi birgə fəaliyyətlər həyata keçirilib.
Bütün bunların fonunda Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri strateji xarakter daşımaqla yanaşı, uzunmüddətli regional və beynəlxalq nəticələr doğuran mühüm diplomatik addım kimi də yüksək qiymətləndirilir”.
