Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) bəzi media qurumlarında və sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
Siyasətinfo-nun məlumatına görə, rəsmi açıqlamada qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın guya Ermənistanda həlak olmuş əsgərlərin ailələrinə və ehtiyac içində olan təbəqələrə 10 milyon dollar maddi yardım göstərilməsi barədə qərar imzalaması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.
Bildirilib ki, bu cür xəbərlər Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan məqsədli dezinformasiya xarakteri daşıyır. Cəmiyyətə çağırış edilib ki, yalnız rəsmi qurumların açıqlamalarına istinad etsin və manipulyativ mənbələrdən yayılan məlumatlara qarşı diqqətli olsun.
DMM vurğulayıb ki, informasiya müharibəsinin intensivləşdiyi bir dövrdə vətəndaşların məsuliyyətli davranması və hər xəbəri paylaşmazdan əvvəl mənbəni yoxlaması xüsusi əhəmiyyət daşıyır.
