Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin milli maraqları, regional və qlobal miqyasda baş verən hadisələr dəqiqliklə analiz edilib. Dünya İqtisadi Forumu Davos toplantısının qlobal siyasi və iqtisadi gündəliyin formalaşdığı əsas platformalardan biri kimi təqdim olunur. Həmçinin bu platformada səslənən fikirlər təkcə cari proseslərə münasibət deyil, həm də gələcək trendlərə dair strateji baxışların ifadəsi kimi qəbul edilir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə də məhz bu kontekstdə diqqət çəkir və dəyişən beynəlxalq nizam fonunda Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoyur.
Prezident İlham Əliyevin müsahibəsində beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyaya açıq şəkildə qeyd edilib. Dövlətimizin başçısı bəyan edib ki, dünya artıq klassik mənada beynəlxalq hüququn aliliyinə əsaslanan modeldən uzaqlaşılır və getdikcə güc amilinin dominant olduğu mərhələyə qədəm qoyulur. Bu yanaşma son illərdə beynəlxalq təşkilatların zəifləməsi, ikili standartların artması və böyük güclərin maraqlarının hüquqi mexanizmləri üstələməsi ilə səciyyələnən qlobal reallığın ifadəsidir.
Bu isə o deməkdir ki, beynəlxalq sistem idealist yanaşmalara deyil, realist hesablamalara söykənir və hər bir dövlət bu reallığı nəzərə alaraq öz milli strategiyasını formalaşdırmalıdır.

Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın məhz bu yeni qlobal reallıqlar fonunda praqmatik siyasət yürütməsini əsaslandırır. Azərbaycan nə qarşıdurma tərəfdarıdır, nə də hansısa güc mərkəzinin orbitində yer almağa çalışır. Əksinə, balanslı və çoxşaxəli xarici siyasət xətti ölkəyə həm regional, həm də qlobal səviyyədə manevr imkanları yaradır.
Bu yanaşma Azərbaycanın son illərdə əldə etdiyi siyasi və iqtisadi nəticələr fonunda təqdim olunur. Dövlət başçısı bird aha bəyan edir ki, milli maraqlara söykənən müstəqil siyasət ölkənin suverenliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin “Euronews” müsahibəsində enerji məsələləri xüsusi strateji kontekstdə təqdim olunur: “Azərbaycan öz enerji resurslarını siyasi təzyiq alətinə çevirmədən, etibarlı tərəfdaşlıq prinsipləri əsasında bazarlara çıxarır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu bu siyasətin real nəticəsidir.
Eyni zamanda Prezidentin də vurğuladığı kimi enerji sektoru ölkənin inkişaf strategiyasının yeganə dayağı deyil. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-enerji sektorlarının inkişafı və investisiya mühitinin gücləndirilməsi Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsas istiqamətləridir. Bu mesaj Davos auditoriyasına ünvanlanan mühüm iqtisadi siqnaldır.
Müsahibədə həmçinin Avropa institutları ilə münasibətlərə toxunulması Azərbaycanın xarici siyasətində formalaşan yeni yanaşmanı əks etdirir. Prezident İlham Əliyev bəzi Avropa strukturlarının qərəzli mövqelərinə emosional reaksiya verilmədiyini və münasibətlərin artıq daha çox praktik əməkdaşlıq müstəvisində qurulduğunu bildirib.
Bu mövqe Azərbaycanın özünü tənqid obyektindən deyil, bərabərhüquqlu tərəfdaş kimi təqdim etmək istədiyini göstərir. Ritorik təzyiqlərdən çox real əməkdaşlıq Bakı üçün əsas meyar kimi ön plana çıxır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Prezidentin müsahibəsində regional təhlükəsizlik məsələləri də mühüm yer tutur: “Azərbaycan mürəkkəb geosiyasi məkanda yerləşən ölkə kimi sabitliyin və proqnozlaşdırılan mühitin tərəfdarı olduğunu açıq şəkildə bəyan edir. Dövlət başçısı regional proseslərə realist yanaşmanın və risklərin qabaqcadan qiymətləndirilməsinin vacibliyini vurğulayır.
Bu yanaşma Azərbaycanın regionda məsuliyyətli aktor kimi çıxış etmək niyyətini və münaqişələrdən daha çox inkişaf və əməkdaşlıq gündəmini təşviq etdiyini göstərir.
Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə sadəcə müsahibə formatında səslənən fikirlər deyil, Azərbaycanın dəyişən dünya nizamına dair konseptual baxışının ifadəsidir”.
