Bakı, 20 yanvar. SİYASƏTİNFO
İsveçrə Konfederasiyasının Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı, keçirdiyi görüşlər, apardığı müzakirələr ölkəmizin iqtisadi potensialının beynəlxalq miqyasda tanıdılması və yeni formalaşmış siyasi reallıqların təşviqi baxımından yaddaqalan oldu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu mənada ölkəmizin Davos İqtisadi Forumunda yüksək səviyyədə təmsil olunması vacib əhəmiyyət kəsb edir: “Dünya Davos Forumu çərçivəsində keçirilən görüşlər, təşkil edilən panel müzakirələr hər bir tərəf üçün olduqca faydalıdır. Prezident İlham Əliyevin qarşı tərəfin müraciəti əsasında keçirmiş olduğu görüşlər, aparılan müzakirələr qarşılıqlı təmaslar tərəflərin bundan sonrakı dövrdə qarşıya qoyduqları əsas vəzifələrin reallığa çevrilməsi üçün də təsirli faktordur.
Dünya Davos İqtisadi Forumu Azərbaycan üçün əhəmiyyətli olmaqla yanaşı ölkəmizin nüfuzunun təsdiqi baxımından da vacib platforma hesab edilir. Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu ilki Davos Forumunda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılıb”.
Millət vəkili bildirib ki, nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir: “Bu mənada Forumda aparılan müzakirələr dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın bu vacib platformada iştirakı 1995-ci ilə təsadüf edir.

1995-ci ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı illərdə də bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir. Bu uğurlara isə dünyanın marağı durmadan artır.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığı ilbəil artır: “Bu məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı uğurları ilə birbaşa bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verib.
Azərbaycan 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Sözsüz ki, iqtisadi xarakter daşımasına baxmayaraq Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır.
Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə Forumun əhəmiyyəti bir daha gündəmə gəlir.
Siyasi liderlər, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbulunda əlverişli mühit hesab edilir.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumuna (World Economic Forum – WEF) davamlı iştirakı Azərbaycan üçün beynəlxalq siyasi-iqtisadi müstəvidə mühüm əhəmiyyət kəsb edir:
“Davos Forumu dünya liderləri, biznesin aparıcı rəhbərləri, beynəlxalq təşkilat və institutların nümayəndələrini bir araya gətirən ən nüfuzlu qlobal iqtisadi platformalardan biridir. İllik toplantı ölkələrin iqtisadi siyasəti, qlobal trendlər və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün unikal imkan yaradır.
Prezident İlham Əliyevin Davos forumunda iştirakı Azərbaycan üçün də olduqca önəmlidir. Milli reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımında bu mühüm platformadır. Forum, Azərbaycan reallıqlarının — iqtisadi inkişaf strategiyası, enerji imkanları və nəqliyyat layihələri kimi — geniş auditoriyaya çatdırılması üçün unikal platformalardın biri hesab edilir. Davos çərçivəsində baş tutan görüşlər Azərbaycanla digər ölkələr, beynəlxalq təşkilatlar və iri şirkətlər arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini genişləndirir. Bu baxımdan forum həm dövlət-dövlət, həm də dövlət-biznes formatında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın forum çərçivəsində enerji təhlükəsizliyi, yaşıl enerji keçidi, böyük nəqliyyat dəhlizləri və beynəlxalq investisiyalar sahəsində öz strategiyasını təqdim etməsi xüsusilə diqqət çəkir.
Prezident İlham Əliyevin Forumda müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirir, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, qlobal şirkətlərin nümayəndələri ilə əməkdaşlıq imkanlarını müzakirə edir. Bu görüşlərdə əsas müzakirə mövzularına enerji təhlükəsizliyi, yaşıl və innovativ texnologiyalar, investisiyanın təşviqi və regional əməkdaşlıq məsələləri daxildir.
Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı Azərbaycanın qlobal iqtisadi dialoqda fəal iştirakının mühüm nümunəsidir. Bu tədbirlərin Azərbaycan üçün strateji əhəmiyyəti çoxşaxəlidir — beynəlxalq nüfuzun artması, xarici investisiyaların təşviqi, ölkənin enerji və nəqliyyat layihələrinin qlobal gündəmdə yeri və yeni əməkdaşlıq platformalarının yaradılması forum çərçivəsində aparılan əsas fəaliyyət istiqamətləridir.
Davos platforması Azərbaycan üçün həm reallıqları dünyaya çatdırmaq, həm də qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək baxımından əvəzsiz rol oynayır”.
