Prezident İlham Əliyevin Tərtər və Ağdərə rayonlarında bir sıra mühüm obyektlərin açılışında iştirakı, görülmüş bərpa və quruculuq işləri ilə tanış olması, öz yurd-yuvasına qayıdan sakinlərlə görüşü xalqımızın yaddaşına həkk olunan növbəti səhifə oldu. Ölkəmizin başçısı həmçinin Tərtər və Ağdərə rayonlarına səfəri çərçivəsində sənaye, energetika, infrastruktur, təhlükəsizlik və sosial sahələri əhatə edən bir sıra mühüm layihələrin açılışında iştirak edib, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olması tarixi hadisə idi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, dövlət başçısı əvvəlcə Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib: “Yenidənqurma işləri çərçivəsində zavodun istehsal sahələri müasir texnoloji avadanlıqlarla təchiz olunub, istehsal gücü artırılıb. Müəssisənin fəaliyyətə başlaması sənaye potensialının gücləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Prezident İlham Əliyev daha sonra Ağdərə rayonuna səfər edərək Çapar kəndində görülmüş işlərlə tanış olub. Kənddə yaşayış evlərinin bərpası, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi, sosial və məişət infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb.
Səfər çərçivəsində dövlət başçısı Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu stansiya regionun enerji təminatının yaxşılaşdırılmasına, alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə töhfə verəcək.
Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərində həyata keçirilən bərpa-quruculuq işləri ilə də tanış olub. Bu yaşayış məntəqələrində yol-nəqliyyat infrastrukturu yenidən qurulub, elektrik, su və rabitə xətləri çəkilib, sosial obyektlərin inşası aparılıb.

Dövlət başçısı Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub. Kompleksin fəaliyyəti regionda sənaye istehsalının inkişafına, yerli xammal bazasının səmərəli istifadəsinə və iqtisadi aktivliyin artırılmasına xidmət edir.
Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb. Görüş zamanı dövlət başçısı sakinlərlə səmimi söhbət edib.
Səfər çərçivəsində həmçinin Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə də tanış olub. Baş plan şəhərin müasir şəhərsalma prinsipləri əsasında qurulmasını, yaşayış, ictimai, istehsal və yaşıllıq zonalarının balanslı şəkildə inkişafını nəzərdə tutur. Bununla yanaşı, dövlət başçısı Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub.
Sözsüz ki, mərkəzin inşası bölgədə təhlükəsizliyin təmin olunmasına, operativ idarəetmə imkanlarının genişləndirilməsinə və müasir təhlükəsizlik infrastrukturunun formalaşdırılmasına xidmət edəcək.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Tərtər və Ağdərə rayonlarına səfəri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinin ardıcıl, sistemli və dövlət proqramlarına uyğun şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Prezident İlham Əliyevin Tərtər və Ağdərə rayonlarına səfəri zamanı sakinlərlə görüşündə səsləndirdiyi fikirlər mühüm məsələləri özündə ehtiva edir: “Prezident İlham Əliyev çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni tarixi nailiyyət olduğunu, bu qələbə ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpasında dönüş nöqtəsi kimi səciyyələndirilib. Cənab Prezident qeyd edib ki, belə bir tam və əhatəli qələbə son 80 il ərzində digər heç bir ölkə tərəfindən əldə edilməmişdir.
Eyni zamanda dövlət başçısı Ağdərənin gələcək inkişaf perspektivlərinin çox parlaq olduğunu, bu bölgənin həm sənaye, həm də turizm mərkəzinə çevriləcəyini diqqətə çatdırıb. Bu bir reallıqdır ki, Azərbaycan dövləti azad edilmiş ərazilərin yenidən inkişafına xüsusi diqqət ayırır. Sakinlərin öz doğma torpaqlarına qayıtması, normal həyat şəraitinin yaradılması, sənaye müəssisələrinin tikilməsi və sosial infrastrukturların bərpası – bu siyasətin prioritet istiqamətləridir.
Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla, xoşbəxt, rahat yaşayacaqlar.
Bir bir reallıqdır ki, Prezident İlham Əliyevin Liderliyi ilə son 5 ildə və xüsusən də antiterror əməliyyatından yəni, 2023-cü ildən bu yana digər azad edilmiş ərazilərimiz kimi Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Cənab Prezident də bildirdi ki, “Beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlər qayıtmağa başlayıblar. Bu gün artıq 73 min insan – həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb – işıq, su, qaz, yollar, iş yerləri”.
Bütün bunlar onu göstərir ki, güclü və qalib Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə özünün bütün hədəflərinə çatmaqla yanaşı azad edilmiş ərazilərin qısa zamanda bərpasına, orada yaşayışın və sosial infrastrukturun, iş yerlərinin, sənayə müəssisələrinin də açılışını prioritet kimi qəbul edib. Atılan addımlar, görülən işlərin nəticəsi Azərbaycan dövlətinin əzminin və siyasi iradənin mahiyyətini ifadə edir”.
