Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə dövlətimizin başçısı çıxış edərək icra edilən layihələr və qarşıda duran məsələlərdən bəhs etdi. Vurğulandı ki, Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri istiqamətində zəruri addımlar atılıb. Bu həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutur.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkə başçısının sədrliyi ilə keçirilən müşavirədə səslənən məsələlərin əhəmiyyətindən bəhs edərkən deyib.
O qeyd edib ki, bu istiqamətdə ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilib: “Bakı ilə yanaşı bölgələrdə əsas infrastruktur məsələləri öz həllini tapıb. Bu məsələlərin həllini təmin etmək üçün iyirmi il ərzində bir neçə regional inkişaf proqramı qəbul olunub. Beş ilik dövrü əhatə edən proqramlar uğurla icra edilib. Məhz bunun nəticəsində ölkəmizin bütün bölgələrində əsas infrastruktur məsələləri öz həllini tapıb. Sözsüz ki, bu xüsusda elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib. Ölkəmizin başçısı da çıxışında bu sahədə tamamilə yeni mərhələnin başlanıldığını vurğulayıb. Dövlətimizin başçısı bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında səsləndirdiyi məsələlərin əhəmiyyətinə toxundu. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu gün öz tələbətanı qarşılamaqla yanaşı vacib enerji ixracatçısına çevrilib. Həmçinin ölkəmizdə qazlaşma məsələlərinin böyük dərəcədə həll oldunduğu 96 faizə yaxın proqramın icra edildiyi vurğulandı. Sözsüz ki, bütün bunlar son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan əsas məsələlərdir. Azərbaycan bu gün qazlaşma məsələsində də daxili tələbatı ödəməklə yanaşı dünyanın 10-dan çox ölkəsinə qaz ixrac edir ki, yaxın dövrdə bunların sayında da əhəmiyyətli artım olacaq”.

Deputat bildirib ki, ölkə başçısının da vurğuladığı kimi bu gün ölkəmizdə avtomobil yollarının inşası geniş vüsət alıb: “Bu gün həm magistral, həm kənd yolları, şəhərlərarası yollarla bağlı layihələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bütün infrastruktur layihələri olunur. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.
İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Dövlət başçısının da vurğuladığı kimi bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilir və bu proses davam etdirilir. Məhz bu məqsədlərdən irəli gələrək son 20 il ərzində dörd böyük su anbarı inşa edilib ki onların potensialı 500 milyon kubmetrdən çoxdur. Bunların arasında “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını xüsusilə qeyd etmək olar.
Həmçinin bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra olunur. Ölkəmizin başçısının da vurğuladığı kimi son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarı qeyd edilə bilər. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. Cənab Prezident də müşavirədə vurğuladı ki, “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Cənab Prezident Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”.
Məlahət İbrahimqızı vurğulayıb ki, ölkə başçısının da bəyan etdiyi kimi bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür: “Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Ölkəmizin isə su təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Bu xüsusda Bakının və Abşeron yarımadasının içməli su problemlərinin həlli istiqamətində zəruri addımlar atılır. Bununla bağlı vacib dövlət proqramı qəbul edilib. Bu proqramın əsas məqsədi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır.
Sözsüz ki, bu fakt özlüyündə dövlətimizin bu sahəyə olan birmənalı diqqətinin bariz nümunəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirə ölkənin sosial-iqtisadi inkişaf gündəliyində mühüm yer tutan məsələlərə kompleks yanaşmanın nümayişidir. Müşavirə bir daha göstərdi ki, su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastruktur məsələsi deyil, eyni zamanda milli təhlükəsizlik, ekoloji dayanıqlılıq və əhalinin həyat keyfiyyəti ilə birbaşa bağlı strateji prioritetdir”.
