Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindı çıxışında ölkəmizin enerji strategiyası və qarşıda duran vacib hədəflərdən bəhs edib. Bu gün ölkəmizin həyatında əlamətdar olduğunu qeyd edən cənab Prezident “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsinin də əhəmiyyətini vurğulayıb. Sözsüz ki, bu ölkəmizin energetika strategiyasında mühüm hadisə kimi tarixə düşüb.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezidentin də vurğuladığı kimi enerji potensialını gücləndirəcək 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafında mühüm töhfə olacaq: “2022-ci ilin yanvar ayında əsası qoyulan bu stansiya ölkəmizin enerji potensialı ilə yanaşı ixrac imkanlarının da genişləndirişləndirilməsində vacib rola malikdir. Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır. Sözsüz ki, bundan sonra həmin şirkətin ölkəmizlə əməkdaşlığı davam edəcəkdir. Bu mənada cənab Prezidentin də vurğuladığı ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də bu şirkət investor kimi icra edəcək.
Sözsüz ki, bu son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin önəmli prosesidir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ölkəmizin ümumi enerji sisteminə inteqrasiyası mühüm amildir. Bundan sonrakı illərdə də bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi geniş vüsət alacaq. Bərpaolunan enerji növlərinin yaradılması istiqamətində xarici investorların cəlbi məsələsi bundan sonra da aktual olacaq. Eyni zamanda Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlayıblar”.

Deputat hesab edir ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi prosesi uğurla davam edir: “Ölkə başçısının da bəyan etdiyi kimi bu son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib. Son 20 il ərzində ölkəmizin enerji sistemi, generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq. Bu da Azərbaycanın enerji strategiyasının əhəmiyyətini bir daha nümayiş etdirən vacib amillərdir.
Həmçinin bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Dövlətimizin başçısı da çıxışında qeyd edib ki, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur”.
Məlahət İbrahimqızı Azərbaycanda investisiya üçün münbit şəraitin olduğunu söyləyib: “Məhz bunun nəticəsidir ki, ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb olunub. Ölkəmizin mövcud maliyyə imkanları və inkişaf strategiyası da qarşıdan duran bütün vəzifələrin icrasına imkan yaradır. Çünki bu gün ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür.
Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa olunub.
Cənab Prezidentin də vurğuladığı kimi bütövlükdə ölkəmizin energetika sahəsində gedən proseslər enerji təhlükəsizliyi sahəsində çox mühüm bir mərhələ hesab edilir”.
