BAKI, 6 yanvar. SİYASƏTİNFO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişaf prioritetləri, regional proseslər və qarşıda duran hədəflərlə bağlı mühüm məqamlara toxunub. Dövlət başçısı müsahibəsində son illər həyata keçirilən islahatların nəticələrindən danışaraq, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionların sosial-iqtisadi dirçəlişinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin yaradılması və əhalinin rifah halının yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkə başçısının müsahibəsində səsləndirdiyi fikirlərin önəmindən bəhs edərkən deyib.
O qeyd edib ki, ölkə başçısının müsahibəsində sosial sahəyə xüsusi diqqət yetirilib: “Prezident əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqlarının və pensiyaların artırılması, təhsil və səhiyyə sahələrində aparılan islahatlar barədə fikirlərini bölüşüb. Bildirilib ki, insan kapitalının inkişafı Azərbaycanın uzunmüddətli strateji hədəflərinin əsasını təşkil edir.
Xarici siyasət məsələlərinə toxunan dövlətimizin başçısı Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasət yürütdüyünü, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə önəm verdiyi qeyd edildi. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəyişməz olduğunu və milli maraqların hər zaman əsas götürüldüyünü vurğulayıb.
Müsahibə zamanı Prezident İlham Əliyev media nümayəndələrinin suallarını cavablandıraraq, cəmiyyət üçün aktual olan məsələlərə aydınlıq gətirib, ölkənin gələcək inkişaf perspektivləri ilə bağlı baxışlarını bölüşüb. Dövlət başçısının fikrincə, əldə olunan nailiyyətlərin əsasında siyasi sabitlik, məqsədyönlü siyasət və xalq–iqtidar birliyi dayanır”.

Deputat bildirib ki, Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən maraqla qarşılanıb və ölkənin mövcud vəziyyəti ilə yanaşı, gələcək planlar haqqında geniş təsəvvür yaradıb: “Çünki bu müsahibədə ölkənin daxili siyasi gündəmi, sosial-iqtisadi inkişaf modeli, regional proseslər və strateji hədəflər baxımından mühüm məqamlar öz əksini tapıb. Bu həmçinin dövlət başçısının həm mövcud vəziyyətə verdiyi qiyməti, həm də gələcəyə dair konseptual baxışlarını aydın şəkildə ortaya qoyur.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın inkişafının əsas təməlində siyasi sabitlik və ardıcıl dövlət siyasəti dayanır. Son illər həyata keçirilən institusional islahatlar idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Qeyd edilib ki, şəffaflığın gücləndirilməsi, rəqəmsallaşma və bürokratik maneələrin aradan qaldırılması idarəçilik fəlsəfəsinin əsas istiqamətlərindəndir.
Bu kontekstdə Prezidentin çıxışları dövlətin klassik idarəetmədən nəticəyönümlü idarəetmə modelinə keçid etdiyini göstərir. Müsahibə zamanı səsləndirilən fikirlərdən aydın olur ki, dövlət orqanlarının fəaliyyətində əsas meyar vətəndaşa göstərilən xidmətin keyfiyyətidir.
Sözsüz ki, cənab Prezidentin toxunduğu mühüm məqamlardan biri də iqtisadi məsələlərlə bağlı idi. Prezident İlham Əliyev Azərbaycanın artıq yalnız enerji ixracatçısı kimi deyil, eyni zamanda regional iqtisadi mərkəz kimi mövqeyini gücləndirdiyini bildirib. Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi, sənaye parklarının yaradılması və tranzit-logistika imkanlarının genişləndirilməsi iqtisadi strategiyanın əsas sütunları kimi təqdim olunub.
Qlobal iqtisadi çağırışlara baxmayaraq, Azərbaycanın maliyyə dayanıqlığı və valyuta ehtiyatları ölkəyə uzunmüddətli inkişaf planlarını inamla həyata keçirməyə imkan verir. Bu yanaşma iqtisadi təhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.
Təbii ki, ölkəmizdə hər zaman sosial məsələlərə xüsusi həssaslıqla yanaşılır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələrə dövlət dəstəyi, əməkhaqları və pensiyaların artırılması sosial siyasətin əsas istiqamətləri kimi qeyd edilib. Prezident vurğulayıb ki, iqtisadi inkişafın əsas məqsədi vətəndaşların rifah halının yüksəldilməsidir.
Təhsil və səhiyyə sahələrində aparılan islahatlar insan kapitalının inkişafına yönəlmiş strateji xətt kimi dəyərləndirilib. Dövlət başçısı bu sahələrə qoyulan investisiyaların Azərbaycanın gələcək inkişafının əsas təminatı olduğunu bildirib”.
Məlahət İbrahimqızı vurğulayıb ki, cənab Prezidentin müsahibədə toxunduğu digər Azərbaycanın xarici siyasət kursunun dəyişməz prinsiplərə əsaslanması ilə bağlı olub: “Milli maraqların qorunması, beynəlxalq hüquqa hörmət və qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində əsas prioritetləridir.
Azərbaycan regionda sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır. Eyni zamanda, ölkənin suverenliyi və təhlükəsizliyi ilə bağlı məsələlərdə prinsipial mövqe qorunur. Bu balanslaşdırılmış yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır.
Bütün bunların fonunda möhtərəm cənab Prezident müsahibəsində mövcud nailiyyətləri son məqsəd deyil, daha böyük hədəflərə aparan mərhələ kimi dəyərləndirib. Dövlət başçısının fikrincə, qarşıdakı illərdə əsas məqsəd davamlı inkişafın təmin edilməsi, sosial ədalətin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsidir.
Bu baxımdan da Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə təkcə görülən işlərin hesabatı deyil, eyni zamanda ölkənin gələcək inkişaf strategiyasının əhatəli təqdimatı kimi çıxış edir. Bu müsahibə cəmiyyət üçün aktual suallara cavab verməklə yanaşı, dövlət siyasətinin əsas istiqamətlərini aydın şəkildə ortaya qoyur”.
