Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində olduqca mühüm məsələlərdən bəhs etdi. Dövlətimizin başçısı ötən il və qarşıdakı dövrlə bağlı mühüm məqamlara toxundu. 2025-ci ilin ölkəmiz, xalqımız üçün uğurlu olduğunu bəyan olundu. Eyni zamanda ötən il Azərbaycan xalqının sülh şəraitində yaşadğı qeyd edildi.
Bu sözləri Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aqil Məmmədov deyib.
Şura sədri bildirib ki, ölkəmizdə əldə edilən uğurların təməlində xalq-iqtidar birliyi dayanır: “Ölkəmizin başçısı da çıxışında məhz bu amilləri bir daha bəyan etdi. 2026-cı ilin də ölkəmiz üçün mühüm uğurlarla yadda qalacağına əminlik mövcuddur. Gələn ildə də hər zaman olduğu kimi qarşıda duran bütün vəzifələr uğurla icra olunacaqdır.
2020-ci ilin 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi Zəfər fonunda Azərbaycan xalqı bu gün qürurludur. Vətən müharibəsi zamanı əldə edilən tarixi Zəfər sözsüz ki, əbədidir. Otuzillik erməni işğalına son qoyan Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyinin tam təmin etməklə yeni bir dövrün əsasını qoyub. Sözsüz ki, Vətən müharibəsindəki qələbədən sonra ölkəmiz özünün inkişaf strategiyasına uyğun olaraq inkişaf edib. Bu inkişaf ordu quruculuğu sahəsində də özünü təsdiq edib.
Məhz 2025-ci ildə Vətən müharibəsindəki tarixi Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan Ordusunun gücünün və imkanlarınin nümayişi bunun əyani təzahürüdür”.

YAP təmsilçisi hesab edir ki, Azərbaycan siyasi-diplomatik müstəvidə də özünün bütün maraqlarını təmin edib: “ATƏT-in Minsk qrupu artıq layiq olduğu qiyməti alaraq tarixin arxivinə göndərilib. Ölkəmizin başçısı da çıxışında bəyan etdi ki, keçmiş Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə çıxarıldı.
Bu gün bölgədə sülh və əməkdaşlıqla bağlı əsas təşəbbüslər də məhz Azərbaycan tərəfindən irəli sürülüb. BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarını təmin edən Azərbaycan sülhə və beynəlxalq hüquqa olan birmənalı yanaşmasının ortaya qoyub.
Bu xüsusda 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş naziri tərəfindən sülh sazişinin paraflanması olduqca önəmli idi. Sözsüz ki, bu ölkəmizin sülhə olan yanaşmasının bariz nümunəsidir.
Azərbaycan xalqı və dövləti torpaqlarının azadlığı və suverenliyi uğurunda canını qurban vermiş şəhidləri heç vaxt unutmur və onların əziz xatirəsi hər zaman yüksək tutulur. Şəhidlərimiz, qazilərimizin qəhrəmanlığı sayəsində bu gün 30 ilik erməni işğalından azad edilən torpaqlarımızda şanlı bayrağımız qürurla dalğalanır.
Bu gün Azərbaycana beynəlxalq münasibətlər sistemində yanaşmalar da tamamilə dəyişib. Ötən ilin ölkəmizin D-8 beynəlxalq təşkilatına üzv olması bu xüsusda mühüm önəm kəsb edir. Azərbaycan eyni zamanda 2025-ci ildə Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçilib. Sözsüz ki, ötən il Xankəndidə ECO-nun Zirvə Görüşünü keçirilməsi tarixi hadisə idi. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də mühüm əlamətdar hadisələrdən biri kimi yaddaşlara həkk olundu”.
Aqil Məmmədov vurğulayıb ki, bu gün Azərbaycanın valyuta ehtiyatları tarixi rekord həddə çatıb: “Bu ölkəmizin bütün istiqamətlər üzrə inkişafını xarakterizə edir. Valyuta ehtiyyatlarımızın 80 milyard dollardan artıq olması bunun göstəricisidir. Ölkəmizin xarici borcu daha da aşağı düşüb ki, bu ümumdaxili məhsulun cəmi 6,3 faizini təşkil edir. Beləliklə, ölkəmizin valyuta ehtiyatları xarici borcu 16 dəfə üstələyir. Aparıcı reytinq agentlikləri də bu uğurları özlərinin reytinqində xüsusi ilə qeyd edir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası uğurla davam edir. 30 illik erməni işğalının acı nəticələri aradan qaldırılır. “Böyük Qayıdış” Proqramına uyğun olaraq ardıcıl işlər həyata keçirilir. Artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər. Qarşıdakı dövrdə də Azərbaycan özünün inkişaf konsepsiyasına uyğun olaraq bütün hədəflərinə çatacaqdır”.
