BAKI, 27 dekabr. SİYASƏTİNFO
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən işlər göz oxşayır. Azərbaycan dövləti II Qarabağ müharibəsinin nəticəsi olaraq Ermənistanın 30 illik işğalından sonra dağıdılıan, talan edilən, ekoloji terror təyata keçirilən tarixi torpaqlarında bu gün xariqələr yaradır. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindəki tarixi qələbə və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyə nail oldu. Sözsüz ki, 2020-ci ilin Vətən müharibəsinin başa çatmasından dərhal sonra ölkə başçısının rəhbərliyi ilə artıq işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq proseslərinə başlanıldı və bunun da nəticələri göz önündədir.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu il də ad gününü rəsmi təntənələrdən uzaq, xalqına və dövlətinə xidmət fəlsəfəsinə uyğun şəkildə Qarabağ və Şərqi Zəngəzurda, işğaldan azad edilmiş torpaqlarda görülən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq və artıq öz doğma yurd-yuvalarına qayıdan sakinlərlə görüşməklə qeyd edib: “Ölkə başçısının Xankəndinin Kərkicahan qəsəbəsində olması, Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirakı, buraya köçən sakinlərlə görüşü xalqımızın yaddaşına həkk olunuş mühüm hadisələrdən oldu. Eyni zamanda dövlətimizin başçısı Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub, Universitetin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışını edib. Həmçinin dövlətimizin başçısı “Xankəndi-1” elektrik yarımstansiyasının açılışına qatılıb. Dövlət başçısı tərəfindən Xocalı və Ağdamda istehsalat müəssisələrinin, hotelinin kompleksinin açılışı da həyata keçirilib. Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışını etməsi isə tarixi, əlamətdar hadisə oldu. Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edən ölkəmizin başçısı buraya köçən sakinlərlə görüşüb, onlarla səmimi söhbət edib. Dövlətimizin başçısı sakinlər qarşısında çıxışında olduqca mühüm məqamlara, keçmiş işğal tarixinə, o dövrün reallıqlarına, bir sıra təşkilatların anti-Azərbaycan mövqeyinə, nəhayət indiki şəraitə dair mühüm məsələlərdən bəhs etdi”.

Təftiş Komissiyasının sədri qeyd edib ki, ölkəmizin başçısının çıxışında vurğuladığı məqamlar olduqca önəmlidir: “Bir qrup ağdamlılara öz doğma şəhərlərinə qayıdışı münasibəti ilə təbriklərini çatdıran dövlətimizin başçısı bu tarixin əlamətdar olduğunu da vurğulayıb. Uzun illər köçkün həyatını yaşamış insanlar üçün Ağdam şəhərində və işğaldan azad edilmiş bütün başqa ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır. Bütün bunlar isə “Böyük Qayıdış” Proqramının əyani təzahürüdür.
Ölkəmizin başçısı da çıxışında qeyd edib ki, işğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalıb, yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılıb. Bu isə Ermənistan dövlətinin məqsədyönlü siyasətinin, xalqımıza qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Azərbaycan xalqının bu ərazilərdəki izlərini silmək məqsədilə ərazilərimizdə vəhşicəsinə talançılıq, ekoloji terror həyata keçirilib. Soyqırım və etnik təmizləmə siyasətinin ardınca belə bir addımın atılması isə sözsüz ki, məqsədli bir “planın” tərkib hissəsi idi. Çox təəsüf ki, uzun on illiklər keçmiş münaqişə vəziyyətinin nizama salınması ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələləri görməzdən gələrək Ermənistanın işğal, soyqırım və talançılıq, qanunsuz məskunlaşdırma siyasətinə göz yumublar. Artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupu bu xüsusda daha çox ermənipərəst mövqeyi ilə səciyyələnib. Onlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək üçün çalışırdılar. Amma sözsüz ki, güclü Azərbaycan dövləti, sarsılmaz xalq-iqtidar birliyinin qarşısında heç bir məkirli plan baş tuta bilməzdi. Məhz belə də oldu. Azərbaycan xalqının birliyi, dəmir yumruq kimi bir hədəfə vurması, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan nəhayət tarixi ədaləti özü təmin etdi. Tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələri dövlətin özü yəni, Azərbaycan təkbaşına icra edərək beynəlxalq hüquqa öz töhvəsini vermiş oldu”.
Sevinc Hüseynova bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şəqri Zəngəzurda görülən işlərin miqyasının müqayisəyə gəlməz olduğunu söyləyib: “Prezident İlham Əliyev Cənubi Qafqazda yeni reallığın müəllifi kimi bu bölgədə sülhün, əməkdaşlığın və inkişafın da əsas təminatçısının Azərbaycan olduğunu bir daha bəyan edib. Bu ilin avqustun 8-də Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın baş nazirinin iştirakı ilə bölgədə sülhün təmin etmək istiqamətində əldə edilən mühüm razılaşmalar, Zəngəzur dəhlizi kimi vacib bir kommunikasiya xəttinin açılması ilə bağlı nəticələr regionun gələcəyi ilə bağlı nikbin proqnozlar verməyə imkan verir.
Təbii ki, ölkə başçısının da vurğuladığı kimi xalqımız dünəni unutmur və heç vaxt unutmayaraq irəliyə baxır. Bu isə bizim daha da güclü olmağımızı dövlətimizin gələcək inkişaf parametlərini təhlükəsizliyini və sülhün qorunub saxlanılmasına olan inamın ifadəsidir.
Bütün bunların fonunda bu fikri qətiyyətlə söyləmək olur ki, Prezident İlham Əliyevin Xankəndi, Xocalı və Ağdamda iştirak etdiyi açılış və təməlqoyma mərasimləri Qarabağın sürətli bərpasının, iqtisadi dirçəlişinin və sosial reinteqrasiyasının bariz nümunəsidir. Təhsil, sənaye, enerji, turizm və yaşayış infrastrukturu üzrə həyata keçirilən layihələr bölgənin dayanıqlı inkişafını təmin etməklə yanaşı, Qarabağın Azərbaycanın ümumi sosial-iqtisadi sisteminə tam inteqrasiyasına xidmət edir”.
