BAKI, 26 dekabr. SİYASƏTİNFO
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında əldə edilən uğurlardan, qarşıda duran vəzifələrdən bəhs etdi. Dövlətimizin başçısı bu ilin də ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də mühüm nəticələrlə yadda qaldığını vurğuladı. Sözsüz ki, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Ölkəmizin başçısı da çıxışında məhz bu məqamlara toxundu.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, dövlət başçısının da vurğuladığı kimi beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal qazanılıb: “Bunların təqribən 600-dən çoxu qızıl medaldır. Məhz bu amil ölkəmizdə idmanın inkişafının uğurla getdiyinin bariz nümunəsidir. Ötən illə müqayisədə idmançılarımızın daha böyük uğurlara imza atması ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin, aparılan dövlət siyasətinin nəticəsində mümkün olub. Bu bir reallıqdır ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilir.
Ölkəmizdə zəruri idman infrastrukturunun qurulması təmin edilib. Paytaxtla yanaşı bölgələrimizdə də gənclərimizin idmanla məşğul olması üçün hər cür şərait var. Bu il ölkə başçısı tərəfindən Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin açılışı edilib ki, bu da gənc nəslin sağlamlığına xidmət edən mühüm amillər sırasındadır. Bununla da bölgələrimizdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Bütün bu addımlar sağlam gənc nəslin formalaşmasına onun elmli, bilikli, vətənpərvər kimi formalaşmasına zəmin yaradan başlıca amillərdir. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır. Həyata keçirilən siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır”.

Deputat bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasətin əsas istiqamətlərindən biri də gənclərin sağlam ruhda tərbiyə edilməsidir: “Dövlətimizin başçısı da ilin yekunlarına həsr edilmiş mərasimdə çıxışında məhz bu məqamlara toxundu. Qeyd olundu ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi olduqca vacibdir. Sözsüz burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Azərbaycan xalqı hər zaman həmrəylik, vətənpərvərlik nümunəsi göstərib. II Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının, gənclərimizin vətənpərvərliyinin, vətən, bayraq, torpaq sevgisinin şahidi oldu. Artıq 5 ildir ki, xalqımız qalib kimi alnı açıq və qürurludur. Bu mənada idmançılarımız da Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda sözsüz ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində şanlı bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Həmin yarışlarda iştirak edən idmançılarımız da bu qüruru yaşayırlar.
Azərbaycan idman ölkəsi kimi hər zaman mötəbər idman yarışlarına uğurla ev sahibliyi edib. Bu il ölkəmizdə keçirilmiş əsas idman yarışı MDB ölkələrinin üçüncü idman Oyunları idi. İndiyə qədər ölkəmizdə baş tutmuş bütün idman yarışları kimi MDB ölkələrinin üçüncü Oyunları çox yüksək səviyyədə keçirildi. Məhz paytaxtımızdan kənarda belə bir mötəbər yarışın xüsusən də Gəncədə, o cümlədən Xankəndidə digər bölgələrimizdə keçirilməsi də mühüm əhəmiyyətə malik idi. Bu bir daha bölgələrimizdə də müasir və mötəbər idman yarışlarını keçirmək üçün infrastrukturun olmasından xəbər verir. Bununla yanaşı ölkəmizdə həmçinin digər idman yarışları da uğurla keçirilib və idmançılarımız da bu turnirlərdə mühüm qələbələr eldə ediblər. Buna missal olaraq bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin keçirilməsi də göstərmək olar. Həmçinin bir neçə ildir ki, ölkəmizin uğurla ev sahibliyi etdiyi Formula 1 yarışları da xüsusi ilə qeyd edilməlidir.
Sözsüz ki, bu tipli böyük ictimai maraq kəsb edən idman yarışları ölkəmizin idmanla bağlı imicinə müsbət təsir etməklə yanaşı xarici turistlərin də marağına səbəb olur. Bundan sonra da ölkəmizdə beynəlxalq idman yarışları keçiriləcəkdir ki, bu da idmançılarımızın öz peşəkarlığını nümayiş etdirməsi və dövlətimizin bu sahəyə olan marağının bariz ifadəsi kimi yaddaşlara həkk olunacaq”.
Sevinc Hüseynova vurğulayıb ki, ölkəmizin başçısının da qeyd etdiyi kimi ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokuna böyük maraq mövcuddur: “Dövlətimizin başçısı da bildirib ki, bu ölkəmizdə ilk dəfə olaraq keçiriləcək tədbirdir və dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bununla da Azərbaycan və Şahdağ beynəlxalq xizək idmanının cədvəlinə salınmış olacaq.
Bu gün Azərbaycanda istənilən beynəlxalq idman turnirinin keçirilməsi üçün zəruri infrastruktur mövcuddur. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da bu istiqamətdə atılan addımlardan biridir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq Köndələnçay su anbarında, Suqovuşan su anbarında bir çox yarışlar keçirilib. Həmçinin gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışların keçirilməsi mümkün olacaq. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizin bu cür inkişafı idman sektoruna da müsbət təsir göstərir.
Bu mənada bu il Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi də heç də təsadüfi deyil. Bu eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir.
Təbii ki, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması, onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğı bu xüsusda mühüm önəm kəsb edir”.
