Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirakı edib. Dövlətimizin başçısı idmançılar qarşısında çıxışında olduqca vacib məsələlərə toxunub. Ölkəmizin başçısı çıxışında bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatdığını bildirib. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanıldığı diqqətə çatdırılıb.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezidentin də vurğuladığı kimi idmanın inkişafı Azərbaycanda uğurla gedir: “Keçən illə müqayisədə yarışlarda qazanılan medalların sayı daha çoxdur. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti məhz bu amilin yaranmasına yol açır. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Dövlət xətti ilə bir çox proqramlar icra edilir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulub. Həmçinin bölgələrimizdə də idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır ki, bunlar Gəncədə və Yevlax Olimpiya Komplekləridir. Bununla da ölkəmizin bölgələrində Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.
Sözsüz ki, cənab Prezidentin də qeyd etdiyi kimi bütün bunlar həyata keçirilən idmanın siyasətinin bariz nümunəsidir. Məhz bu amillər ölkəmizdə gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Ölkəmizin başçısı da qeyd edib ki, “Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır”.

Deputat bildirib ki, ölkəmizdə gənclərin sağlam, vətənpərvərlik ruhunda tərbiyə eedilməsi başlıca vəzifə kimi müəyyən edilib: “Vətən sevgisi ilə böyüyən, tərbiyə alan gənclik sözsüz ki, ölkəmizin gələcəyi üçün ən böyük təminatdır. Azərbaycanda hər zaman yüksək elmi, biliyi ilə yanaşı vətənpərvər bir gənclik mövcud olub və bu ənənə hər zaman davam edir. Dövlətimizin başçısı da çıxışında son illərin hadisələrinin bunu bir daha təsdiqlədiyini diqqətə çatdırıb. Bu mənada gənclərin fiziki, mənəvi saflığı vəhdət təşkil edir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.
Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. İdmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Cənab Prezident də çıxışında məhz amilləri bir daha qeyd edərək 5 il bundan əvvəl əldə edilən şanlı Qələbənin idmançıların məsuliyyətini də böyük dərəcədə artırdığını da vurğulayıb. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər”.
Məlahət İbrahimqızı vurğulayıb ki, ölkəmizdə idman sahəsində də 2025-ci il uğurlarla yadda qaldı: “məhz 2025-ci ilin yekunlarına həsr edilmiş Azərbaycan Prezidentinin iştirakı ilə baş tutan təntənəli tədbir idman ictimaiyyəti üçün əlamətdar hadisə kimi yadda qalıb. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak sözsüz ki, ölkədə idmana göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirilir. Tədbir zamanı Prezident İlham Əliyev geniş çıxış edərək 2025-ci ilin Azərbaycan idmanı üçün uğurlu və məhsuldar il olduğunu vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan idmançıları il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də nüfuzlu turnirlərdə ölkəmizi layiqincə təmsil edərək mühüm nəticələr əldə ediblər. Bu qələbələr Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib. Çıxışında dövlətimizin başçısı idman sahəsində əldə olunan uğurların təsadüfi olmadığını bildirib. Prezident İlham Əliyev bu nailiyyətlərin əsasında həyata keçirilən ardıcıl dövlət siyasətinin, müasir idman infrastrukturunun yaradılmasının, idmançıların sosial müdafiəsinin gücləndirilməsinin və məşqçi heyətinə göstərilən diqqətin dayandığını xüsusi vurğulayıb. Qeyd olunub ki, son illər regionlarda tikilən idman kompleksləri və arenalar idmanın kütləviliyinin artmasına mühüm töhfə verir.
Prezident çıxışında gənclərin idmana cəlb olunmasının vacibliyinə də toxunub. O bildirib ki, idman sağlam cəmiyyətin formalaşmasında, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində və zərərli vərdişlərdən uzaq olmasında mühüm rol oynayır. Bu baxımdan məktəblərdə və uşaq-gənclər idman məktəblərində aparılan işlərin davam etdirilməsinin önəmi qeyd edilib”.
