Bakı, 24 dekabr. SİYASƏTİNFO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olduğu kimi, bu il də ad gününü rəsmi təntənələrdən uzaq, xalqına və dövlətinə xidmət fəlsəfəsinə uyğun şəkildə keçirib. Dövlət başçısı ad gününü Qarabağ və Şərqi Zəngəzurda, işğaldan azad edilmiş torpaqlarda görülən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq və artıq öz doğma yurd-yuvalarına qayıdan sakinlərlə görüşməklə qeyd edib. Bu seçim Prezidentin siyasi iradəsinin, şəxsi mövqeyinin və Qarabağın gələcəyinə verdiyi böyük önəmin rəmzi ifadəsidir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu gün işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyat tamamilə yeni bir mərhələyə qədəm qoyub: “Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüsü ilə həyata keçirilən layihələr bu torpaqları qısa müddətdə böyük tikinti və dirçəliş meydanına çevirib. Yeni yollar, tunellər, hava limanları, elektrik yarımstansiyaları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri bölgənin simasını köklü şəkildə dəyişir.
Dövlət başçısının ad gününü məhz bu ərazilərdə keçirməsi təsadüfi deyil. Bu, Qarabağın artıq Azərbaycanın siyasi, iqtisadi və sosial həyatının ayrılmaz tərkib hissəsinə çevrildiyini bir daha nümayiş etdirir.

Cənab Prezidentin doğma yurda qayıdan insanlarla səmimi görüşləri isə hər birimiz üçün qürurverici məqamlarla yadda qalır. Prezident İlham Əliyevin səfərlərinin ən təsirli anları, şübhəsiz ki, keçmiş məcburi köçkünlərlə – artıq öz evlərinə qayıdan insanlarla görüşləridir. Uzun illər həsrətində olduqları torpaqlara dönən sakinlər Prezidentə dərin minnətdarlıqlarını bildirir, bu gün yaşadıqları sevinci ifadə edirlər. Dövlətimizin başçısı da onlarla səmimi söhbətlər edir, gündəlik problemlərlə maraqlanır, yeni yaşayış şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verir”.
Deputat hesab edir ki, bu görüşlər bir daha göstərir ki, “Böyük Qayıdış” təkcə infrastruktur layihəsi deyil, həm də insan talelərinin bərpası, tarixi ədalətin təmin olunması prosesidir: “Artıq Qarabağ və Şərqi Zəngəzur – strateji inkişaf məkanı kimi xarakterizə olunur. Prezidentin ad gününü keçirdiyi ünvanlardan biri də Şərqi Zəngəzur bölgəsidir. Burada həyata keçirilən layihələr regionun nəqliyyat, enerji və kənd təsərrüfatı potensialını sürətlə artırır. Yeni yollar və logistika xətləri, “yaşıl enerji” layihələri, müasir kəndlər və şəhərlər Şərqi Zəngəzuru Azərbaycanın ən perspektivli inkişaf zonalarından birinə çevirir.
Prezident İlham Əliyev bu torpaqlarda görülən işlərlə tanış olaraq bir daha vurğulayıb ki, Şərqi Zəngəzur yaxın illərdə ölkənin iqtisadi xəritəsində mühüm yer tutacaq.
Sözsüz ki, cənab Prezident İlham Əliyevin ad gününü Qarabağ və Şərqi Zəngəzurda keçirməsi artıq bir ənənəyə çevrilib. Bu, dövlət başçısının şəxsi günlərini belə milli maraqlara, dövlət quruculuğuna və xalqın rifahına həsr etdiyini açıq şəkildə göstərir. Onun üçün ən böyük təbrik işğaldan azad olunmuş torpaqlarda dalğalanan Azərbaycan bayrağı, doğma yurduna qayıdan insanların sevinc göz yaşları və qurulan yeni həyatdır.
Bu ad günü də bir daha sübut etdi ki, Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və xalqına bağlılığının canlı simvoludur. Azərbaycanın bu torpaqlarda qurduğu yeni həyat isə gələcək nəsillər üçün möhkəm, təhlükəsiz və firavan bir sabahın əsasını təşkil edir”.
