Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri iki ölkə arasında əlaqələrin xarakterini nümayiş etdirir. Səfər çərçivəsində Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən səmimi görüş, aparılan fikir mübadiləsi sözsüz ki, iki dövlət arasındakı əlaqələrin bundan sonrakı inkişafı baxımından da mühüm töhvə hesab edilir.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlətimizin başçısına öz təşəkkürlərini çatdırıb. Öz növbəsində ölkəmizin başçısı da dəvətə görə təşəkkür edib və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.
Həmçinin hər iki liderinin görüşündə strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Eyni zamanda yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi ilə qeyd edilib”.

Deputat Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləyib: “Bu əlaqələr qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi ilə yanaşı regional və qlobal, geosiyasi proseslər kontekstində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-BƏƏ münasibətləri qarşılıqlı hörmət, suverenliyə ehtiram və ortaq maraqlar üzərində formalaşıb və inkişaf etməkdədir. Bu gün iki ölkə arasında yüksək səviyyəli əlaqələr sözsüz ki, siyasi dialoqun intensivliyini və strateji xarakterini nümayiş etdirir. BƏƏ-nin Cənubi Qafqaz regionunda artan marağı, Azərbaycanın isə Yaxın Şərqdə etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi bu konteksdə vacib əhəmiyyətə malikdir.
Azərbaycanla BƏƏ arasında əsas prioritetlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Ölkələr qeyri-neft sektoruna, xüsusilə bərpa olunan enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və “yaşıl texnologiyalar” sahələrinə böyük önəm verir. Azərbaycan bu xüsusda BƏƏ-nin qabaqcıl maliyyə, innovasiya və investisiya təcrübəsinə maraq göstərir. Eyni zamanda azad edilmiş ərazilərin bərpası və yenidən qurulması kontekstində BƏƏ şirkətlərinin iştirakı strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, eyni zamanda siyasi etimadın göstəricisi kimi dəyərləndirilir”.
Sevinc Hüseynova hesab edir ki, Azərbaycanla BƏƏ arasında günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq, eləcə də enerji keçidi məsələləri vacib prioritetlər kimi müəyyənləşdirilib: “Bu baxımdan Azərbaycanın “yaşıl enerji” strategiyası ilə BƏƏ-nin uzunmüddətli inkişaf baxışı üst-üstə düşür.
Sözsüz ki, hər iki ölkə beynəlxalq müstəvidə də sıx əməkdaşlıq qurub. Azərbaycan və BƏƏ beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlətlər kimi çıxış edir.
Bu mənada Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan–BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin təzahürü kimi dəyələndirilir”.
Qeyd edək ki, “Gələcəyin Oyunları” hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir. Turnir iki mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. “Növbəti nəsil insanlar. Gələcəyini oyna” devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək “Gələcəyin Oyunları” turnirinə ev sahibliyi etmək hüququ qazanıb”.
