Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli “qətnaməsi” reallıqdan tamamilə uzaq erməni lobbisinin istək və arzularını ifadə edən kağız parçasıdır. Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirir: “Bu təşkilat torpaqlarımızın 30 illik işğalına, yüzlərcə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına daim etinasız qalıb. Eyni zamanda 1 milyon qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasını görməzdən gəlmiş Avropa Parlamenti nədənsə azərbaycanlıların öz ata-baba yurdlarından yəni, Qərbi Azərbaycandan zorla deportasiya edilməsi məsələsinə bu günə qədər heç bir reaksiya verməyib. Bunun əvəzində isə təşkilat 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinə Azərbaycan əleyhinə 10-dan artıq rüsvayçı qətnamənin qəbulu etməklə öz mahiyyətini ortaya qoyub”.

Deputat bildirib ki, Avropa Parlamentinin hələ ölkəmizdə ən yüksək səviyyədə təşkil edilmiş COP29 kimi mötəbər tədbirin keçirilməsi ərəfəsində də Azərbaycana qarşı hibrid hücumlarda əsas alətlərdən biri kimi istifadə etdiyi heç kəsin yadından çıxmayıb: “Sözsüz ki, Avropa Parlamentində qətnamələrin qəbulu prosesi konkret maraq qrupları tərəfindən məqsədli şəkildə idarə edilir. Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin nəinki mahiyyəti, hətta mətni barədə heç bir anlayışı olmur. Bu isə Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyəti nümyaiş etdirir. Avropa Parlamentinin siyasi simasının bir sıra xarakterik cizgiləri Azərbaycanla yanaşı, bu qurumun əsassız və cəfəng ittihamları ilə üzləşmiş çoxsaylı ölkələrə də yaxşı məlumdur”.
Məlahət İbrahimqızı hesab edir ki, Avropa Parlamenti növbəti dəfə əsl mahiyyətini ortaya qoyub: “Bu gün korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən çoxsaylı faktlar mövcuddur. Faktiki olaraq müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamenti reallıqdan tamamilə uzaqlaşıb. Çünki hazırda Avropa Parlamenti islamofob və türkofob meyillərin aşkar ifadə olunduğu platformaya çevrilib. İslam və Türk dünyasının ayrılmaz parçası olan Azərbaycana qarşı bu cür qərəzli hücumlar Avropada eyni tendensiyaları idarə edən müəyyən qrupların əlavə siyasi dividend qazanmaq niyyətini açıq büruzə verir. Bu mənada Avropa Parlamentinin bu qətnaməsinin geniş miqyaslı bir planın tərkib hissəsi olduğu da şübhəsizdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibədə qalib gəldiyi kimi, sülhü də qazandığı danılmaz bir reallıqdır. 2025-ci il 8 avqust tarixli Vaşinqton sammiti, ABŞ Prezidenti Donald Trampın səmimi vasitəçiliyi nəticəsində Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra dairələrin maraqlarına cavab vermir. Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını itirən həmin dairələr regionumuzda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər.
Məhz Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin məlum qətnaməsini qətiyyətlə rədd edərək buna dair etiraz bəyanatı qəbul etməsi tamamilə haqlı mövqeyə əsaslanır”.
