BAKI, 14 dekabr. SİYASƏTİNFO
Ermənistan tərəfi növbəti dəfə sülh prosesinə zərbə vuracaq addımlardan əl çəkmir. Bu yaxınlarda Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanan məlum “sənəd” və orada əksini tapan absurd ifadələr reallıqdan tamamilə uzaqdır. Çünki faktiki olaraq “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı “sənəddə” post-münaqişə dövründəki reallıqlar təhrif edilir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan “sənədin” mahiyyətindən bəhs edərkən deyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin bu “sənəddə” əksini tapması ciddi narahatlıq doğurur: “Sözsüz ki, Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli “sənəddə” Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir. Bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə də ciddi zərbə hesab edilir.
Həmin “sənəddə” Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi məntiqdən uzaqdır. Məhz bu “mövzunun” Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin bariz nümunəsidir”.

Deputat hesab edir ki, yüz minlərlə azərbaycanlının vaxtilə tarixi ata-baba torpaqlarından-Qərbi Azərbaycandan zorla deportasiya edilməsi nədənsə, Avropa İttifaqı kimi təşkilatları heç vaxt narahat etməyib: “Halbuki beynəlxalq hüquqda bu məsələ açıq şəşkildə öz əksini tapıb. Qərbi Azərbaycanlıların öz tarixi ata-baba torpaqlarında dinc yaşamaq hüququ beynəlxalq hüququn əsasını təşkil etdiyi halda Aİ-ı kimi erməni lobbisinin diktəsi ilə hərəkət edən qurumlar bu məsəni görməzdən gəlir. Bunun əvəzində isə Azərbaycana qarşı heç bir əsası olmayan iddiaları özündə əks etdirən “sənədlər” ortaya atılır”.
Məlahət İbrahimqızına görə, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişinin mahiyyətinə ziddi olaraq bu kimi əsassız iddiaların ortaya çıxması rəsmi İrəvanın prosesi növbəti dəfə manipuliyasiya etmək cəhdidir: “Eyni zamanda insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqdan tamamilə uzaqdır.
Həmçinin Aİ–Ermənistan “sənədində” 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi təəsüf doğurur. Bununla yanaşı hazırda Ermənistan ərazisindəki Avropa İttifaqının rəsmi “missiyasının” burada qalmaq müddətinin artırılması da məntiqdən uzaqdır. Halbuki Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik var.
Sözsüz ki, bütün bunlar güclü və qalib Azərbaycanın bölgədə sülh yaratmaq prosesinə heç bir əngəl ola bilməz. Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda qalıcı sülhə təhlükəsizliyə və inkişafa nail olacaq”.
