Avropa İttifaqı (Aİ) və Ermənistan arasında “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd hazırkı dövrdə yəni, Bakı ilə İrəvanın sülh müstəvisində əldə etdiyi razılaşmalarla ziddiyyət təşkil edir. Çünki Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir haldır.
Bu sözləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu cür məsələlərin ortaya çıxması həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir göstərir: “Məhz Aİ-ı ilə Ermənistan arasında imzalanan sənəddə Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinad edilməsi absurd yanaşmadır. Eyni zamanda “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi heç bir məntiqə uyğun gəlmir. Sözsüz ki, bu iddiaların Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi da absurddur. Bütün bunlar növbəti dəfə Azərbaycana qarşı qərəzin bariz nümunəsi hesab edilir”.
Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasındakı məsələlərin üçüncü tərəflərə şamil edilməsi reallıqdan uzaqdır: “Sözsüz ki, bu kimi iddiaların indiki halda ortaya çıxması bu ilin avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişinin mahiyyəti ilə zidiyyət təşkil edir. Məhz indiki reallıqda Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı da ciddi suallar yaranır. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda qeyd edilməsi qəbuledilməzdir”.
Sevinc Hüseynova hesab edir ki, Aİ–Ermənistan arasında əldə edilmiş həmin sənəddə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə istinad edilməməsi da ciddi suallar yaradır: “Həmçinin Avropa İttifaqının rəsmi təmsilçilərinin yəni, Ermənistan ərazisindəki “missiyasının” növbəti dəfə bölgədə qalmaq vaxtının uzadılması ilə bağlı məsələ də reallıqla uzlaşmır. Çünki Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik öz əksini tapıb.
Bütün bunların fonunda yaxşı olardı ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh istiqamətində əldə edilən razılaşmalara müvafiq olaraq öz yanaşmaları ortaya qoyaraq, bölgədə sabitliyin, inkişafın formalaşmasına töhfə verə bilərdi”.
