
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı Bratislavada mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin strateji mahiyyətini və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd kimi çıxış etdi. Səfər iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə yüksəldiyini və qarşılıqlı etimadın daha da möhkəmləndiyini göstərdi.
Bəyanatda siyasi, iqtisadi, energetika, nəqliyyat və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğu vurğulandı. Enerji təhlükəsizliyi xüsusi diqqət mərkəzində oldu. Bildirildi ki, Azərbaycan Avropanın enerji təchizatında etibarlı tərəfdaşdır və Slovakiya bu əməkdaşlıqda fəal iştirak etmək niyyətindədir. Gələcək qaz təchizatı, enerji infrastrukturu və bərpa olunan enerji sahəsində birgə layihələr geniş müzakirə edildi.
Nəqliyyat-logistika sahəsində də əməkdaşlığın əhəmiyyəti qeyd olundu. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərində əsas tranzit ölkəsi kimi mövqeyi, Slovakiyanın bu marşrutlara qoşulmasının Avrasiyada logistik inteqrasiyanı gücləndirəcəyi bildirildi.
İqtisadi əməkdaşlıq səfərin əsas mövzularından biri oldu. Azərbaycanın islahatlar nəticəsində formalaşan əlverişli sərmayə mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini genişləndirə bilər. Sənaye, kənd təsərrüfatı, innovasiya və turizm sahələrində konkret əməkdaşlıq planları müzakirə edildi.
Humanitar sferada təhsil və mədəniyyət sahələrində birgə layihələrin, tələbə mübadiləsinin və akademik əməkdaşlığın genişləndirilməsi önə çəkildi. Azərbaycan multikulturalizm modeli ilə dünyada nümunə kimi təqdim olundu.
Bəyanatda Ermənistan–Azərbaycan münasibətləri də ətraflı əksini tapdı. Azərbaycan regional sülhün təmin olunması üçün sülh müqaviləsinin imzalanmasında prinsipial mövqeyini qoruduğunu və prosesin beynəlxalq hüquqa əsaslandığını bildirib. Ermənistanın destruktiv addımlarının prosesə əngəl yaratdığı qeyd edildi.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq tədbirlərinin həyata keçirildiyi, Böyük Qayıdış proqramının uğurla davam etdiyi və mina təhlükəsinin prosesə mane olan əsas amillərdən biri olduğu vurğulandı.
Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan xarici siyasət kursunu bir daha nümayiş etdirdi. Səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi və yeni əməkdaşlıq sahələrinin açılması baxımından tarixi əhəmiyyət daşıyır.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini
