Prezident İlham Əliyev Slovakiyaya səfəri olduqca əhəmiyyətlidir. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafına sözsüz ki, öz təsirini göstərəcək. Azərbaycan Prezidenti İlham Əliyevlə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini də mətbuata bəyanatlarla çıxışında əlaqələrin inkişaf dinamikasından və qarşıya qoyulan hədəflərdən bəhs edib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Slovakiya Prezidentinin dəvəti ilə baş tutan bu səfər dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə xidmət edir: “Bu Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Sözsüz ki, bu səfər iki ölkə arasında qarşılıqlı maraqların yüksək səviyyədə olduğunu təsdiq edir. Dövlət başçıları səviyyəsində geniş tərkibdə və təkbətək formatda aparılan müzakirələr olduqca önəmli məsələləri əhatə edib. Səmimi və açıq şəkildə keçirilən müzakirələrdə qarşıda duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Öz növbəsində Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkə kimi Asiya ilə Avropanın kəsişməsində yerləşir.
Azərbaycanla Slovakiya arasında ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin daha da yüksəlməsinə imkan yaradıb. Həmçinin iki ölkə arasında qarşılıqlı maraqlar müstəvisində bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyəyə qaldırılması əsas hədəflər sırasındadır. Bu xüsusda gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq formatları qurulacaq ki, burada müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə də sıx təmaslar qurulacaq.

Səfər çərçivəsində həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilən bu razılaşma nəhayət bölgədə qalıcı sülhün təmin edilməsinə xidmət edəcəkdir”.
Deputat bildirib ki, Prezident İlham Əliyev də ötən il Azərbaycanla Slovakiya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasının əhəmiyyətindən bəhs edib: “Vurğulanıb ki, bu, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə qaldıran mühüm sənəddir. Məhz bu sənədin imzalanmasından sonra iki ölkə arasında bütün istiqamətlər üzrə fəal əməkdaşlıq imkanları formalaşıb.
Burada ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələri ilə yanaşı digər istiqamətlər də mövcuddur. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib. Bu xüsusda Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edəcəyini bəyan edib.
Azərbaycan bu gün 14 ölkəyə qaz ixrac edir. Bu ölkələrdən 8-i Avropa İttifaqına üzvdür”.
Məlahət İbrahimqızı vurğulayıb ki, dövlət başçısının da bəyan etdiyi kimi Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib: “Ölkəmiz bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayır. Azərbaycanın bu xüsusda infrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğu sərmayələr qarşıda duran vəzifələrin icrasına imkanlar açır. Atılan bu addımlar isə Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevirir. Eyni zamanda ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Çünki Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strategiya Azərbaycanın maraqlarının təmin edilməsi fonunda onun dost və tərəfdaşlarının da artmasına imkanlar açır”.
