Azərbaycan və Ermənistan arasında sülh prosesi Cənubi Qafqazda 30 ildən artıq davam edən münaqişə dövrünün ardından formalaşan yeni regional reallıqların mərkəzində dayanır. 2020-ci il müharibəsindən sonra yaranmış situasiya münaqişənin hərbi mərhələsini faktiki olaraq başa çatdırsa da, diplomatik müstəvidə sabit və davamlı sülhün təmin edilməsi olduqca önəmlidir. Bu proses təkcə iki ölkə arasında münasibətlərin normallaşdırılması deyil, həm də regionun təhlükəsizlik arxitekturasının yenidən qurulması baxımından strateji əhəmiyyət daşıyır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan artıq özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib: “Bu gün bölgədə sülhün əsas təşəbbüskarı və onun reallaşması da qalib və güclü Azərbaycanın iradəsinə əsaslanır. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya Azərbaycanla yanaşı bütövlükdə bölgədə sülhə və təhlükəsizliyə xidmət edir. Artıq bölgədə yeni bir reallıq yaranıb. Bu reallığın da müəllifi məhz qalib Azərbaycandır. II Qarabağ müharibəsində qalib tərəf olmasına baxmayaraq ilk sülh təşəbbüsü də məhz Azərbaycan tərəfindən irəli sürülüb. Bu isə ölkəmizin sülh mövqeyinə olan birmənalı münasibətini ifadə edir”.

Deputat hesab edir ki, bu ilin avqustun 8-də Vaşinqtonda sülh müstəvisində əldə edilən razılaşmalar fonunda rəsmi Bakının özünün addımları ilə prosesin sürətlənməsinə çalışır: “Bu xüsusda Azərbaycan ərazisindən keçməklə Ermənistana göndərilən taxılın keçidinə verilən icazə, vətəndaş cəmiyyəti təmsilçilərinin İravana səfərləri, daha sonra Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin də Bakıya səfərlərinin baş tutması sülhə və etimad mühitinin formalaşmasına xidmət edir. Sözsüz ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Bu halda sülh və təhlükəsizliyin birmənalı olaraq təminatından danışmaq olar”.
Məlahət İbrahimqızı gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu ölkədə yaşanan daxili təlatümlərə də münasibət bildirib: “Bu gün faktiki olaraq baş nazir Nikol Paşinyan Ermənistanda öz rəqiblərini inzibati yollarla sıradan çıxartmağa çalışır. Özünü üzdə Qərbin adamı, demokrat kimi göstərməyə çalışan Paşinyan opponentlərinə qarşı qəddar yanaşmalar sərgiləyir ki, bu heç də birmənalı qarşılanmır.
Bunun fonunda rəsmi İrəvan Zəngəzur dəhlizinin açılması istiqamətində reall addımlar atmağa tələsmir. Görünən odur ki, Ermənistan tərəfi hər zaman olduğu kimi gözləmə mövqeyi seçməklə özü üçün hansısa bir labüd zamanın yetişəcəyinə ümid edir. Amma bunlar faydasızdır. Çünki bölgədə sülhün və təhlükəsizliyin əsas qarantı olan Azərbaycan proseslərin bundan sonrakı istiqamətini diktə edən tərəfdir. Ona görə də hazırkı reallığı dəyişmək üçün ediləcək bütün cəhdlər fiaskoya uğrayacaq”.
