BAKI, 2 dekabr.
ATƏT-in Minsk Qrupuna dekabrın 1-də son qoyuldu. Mövcud olduğu dövrdə ATƏT-in Minsk Qrupu Azərbaycanla Ermənistan arasındakı münaqişə vəziyyətini həll etmək əvəzinə Ermənistanın işğal faktını legitimləşdirməklə məşğul olub. Məhz bunun nəticəsidir ki, keçmiş münaqişə vəziyyəti 30 il davam edib və bu müddətdə prosesin həllində birbaşa məsul olan MINSK Qrupu məsələnin həlli istiqamətində bir addım belə atmağa müvəffəq olmayıb.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu 1 dekabr 2025-ci il tarixində rəsmi olaraq fəaliyyətini dayandırdı: “Bu Azərbaycan və Ermənistan tərəfindən verilmiş birgə müraciətə əsasən – 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş konsensus qərarının ardından həyata keçirildi. Minsk Qrupu 1992-ci ildə birinci Dağlıq Qarabağ müharibəsi dövründə yaradılmışdı. Təşkilatın əsas missiyası Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək, tərəfləri danışıqlara cəlb etmək, atəşkəsi daha sonra davamlı sülhü təmin etmək idi. Minsk Qrupunun əsas üzvləri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın üzərinə götürdüyü öhdəlik neytral sülh vasitəçiliyi imicinin beynəlxalq miqyasda formalaşmasını təmin etmək olub. Amma faktiki olaraq mövcud olduğu dönəmdə Minsk Qrupu münaqişənin həlli istiqamətində heç bir konkret nəticə ortaya qoya bilmədi”.

Deputat hesab edir ki, Minsk Qrupunun mövcud olduğu dönəmdə faktiki olaraq Ermənistan tərəfindən atəşkəs pozuntuları, terror-təxribat halları, Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma, insan hüquqlarının pozulması kimi hallar baş verirdi. Bu mənada Minsk Qrupu faktiki olaraq keçmiş münaqişəni “dondurulmuş” statusda saxlamağa çalışırdı. Eyni zamanda təşkilat işğal dövründəki qeyri-müəyyən status-kvonu legitimləşdirmək niyyətini ortaya qoyurdu”.
Məlahət İbrahimqızı vurğulayıb ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi, Azərbaycan ordusunun uğurlu əməliyyatları və ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam təmin etməsi, 2025-ci ildə tərəflər arasında sülh və normallaşma təşəbbüsləri şəraitində “köhnə mediator formatı” faydasız oldu: “Bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən digər razılaşmalara müvafiq olaraq Minsk Qrupunun da buraxılması ilə bağlı edilən birgə müraciətə əsasən təşkilatın mövcudluğuna son qoyuldu. Bununla da Minsk Qrupu dövrü bağlandı. İndi Cənubi Qafqazda sülh və əməkdaşlıq dönəmi başlayıb. Bu isə Azərbaycanın konstruktiv, beynəlxalq hüquqa əsaslanan və regionda davamlı sülhə yönəlmiş strategiyasına əsaslanır”.
