Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak üçün Özbəkistana səfəri tarixi əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı bu mötəbər tədbirdə çıxışında ilk öncə Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin inkişafından tarixi dəyərlər üzərində formalaşan münasibətlərin xarakterindən bəhs etdi. Eyni zamanda Özbəkistanın Prezidentin Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə inkişaf və quruculuq yolunda inamla irəlilədiyi qeyd edildi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan artıq üçüncü dəfədir Mərkəzi Asiya sammitlərində iştirak edir: “Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik bu birliyin əsasını təşkil edir. Eyni zamanda son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olub. Həmçinin bu regionu təmsil edən ölkələrin liderləri 23 dəfə Azərbaycana səfər ediblər.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdir. Cənubi Qafqazda yerləşməsinə baxmayaraq bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiona çevrilib.
Sözsüz ki, bu ölkələrin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlığı üçün də mümüh imkanlar açır. Təmsil olunduqları təşkilatlarda ölkələrimiz bir-birinin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar ortaya qoyur”.

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyev də çıxışında məhz bu amillərə önə çəkərək Azərbaycanın II Qarabağ müharibəsindən sonra sülh və əməkdaşlıq müstəvisində atmış olduğu addımlara diqqətə çatdırıb: “Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyi təbbi ki, hər mənada özünü göstərməkdədir.
Bu xüsusda artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Cənab Prezident də çıxışında bəyan etdi ki, “bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir”. Eyni zamanda bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığın və həmrəyliyin sübutudur”.
Məlahət İbrahimqızı ölkəmizin başçısının da bəyan etdiyi kimi bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpü rolunda çıxış etdiyini söyləyib: “Bu xüsuda təbii ki, Orta Dəhlizin inkişafı strateji əhəmiyyət kəsb edir. Məhz bunun bariz nümunəsidir ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb.
Möhtərəm Prezidentimizin də vurğuladığı kimi Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.
Hazırda rəqəmsal rabitə sahəsində əməkdaşlıq böyük potensiala malikdir. “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.
Bütün bunlar onu deməyə əsas verir ki, cənab Prezidentin məhz bu görüşdə münasibətlərin yol xəritəsini özündə ehtiva edən çıxışı qarşıdakı dövrdə bütün sahələr üəzrə əməkdaşlığın mühüm strategiyasını əsaslandırır. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərar isə bu mənada vacib amildir. Bu qərar ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq xarakterini bir daha nümayiş etdirir”.
