Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı və Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin etməklə əlaqədar qəbul etdi.
Prezident İlham Əliyevin apardığı siyasət, həyata keçirdiyi islahatlar hər bir vətəndaşı məmnun edir. Vətəndaş məmnunluğunun təmin edilməsi atılan addımların əsas mahiyyətini təşkil edir. Hazırda regionlarımızda, o cümlədən azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı işlər mühüm çağırışlar və önəmli nəticələr ehtiva edir. Bu gün hər birimiz böyük qürur hissi ilə Azərbaycanın dayanıqlı inkişafından və dünyaya təqdim etdiyi təkmil inkişaf modelindən danışırıq. İqtisadi tərəqqi hər bir sahədə davamlı inkişafın əsasıdır.
Dövlətimizin başçısının qəbulda bu inkişafın dayanıqlığının təmin edilməsini şərtləndirən əsas amillərdən bəhs etdi. Cənab İlham Əliyev bildirdi: “Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, bu etimadı doğruldacaqsınız. Qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.” Prezident həmçinin vurğuladı ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, bütün tapşırıqlarını yerinə yetirmək vacibdir. Hər dəfə bölgələrə rəhbər vəzifələrə təyin edilən şəxslər üçün verdiyim tapşırıqlar əsas iş prinsipləri olmalıdır – xalqa xidmət etmək və xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalı, həm şəxsi, həm də ailə davranışı ümumi işimizə heç bir iradə doğurmamalıdır.
Dövlət başçısı qeyd etdi ki, bəzi hallarda məmurlar özlərini düzgün aparmır, ifrat dərəcədə təkəbbür göstərir, özlərini hamıdan üstün tutmağa çalışırlar. Bu, həm onların nüfuzuna, həm də dövlətimizin imicinə zərər verir. Bəzi hallarda isə korrupsiya və rüşvətxorluq halları baş verir. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə qanun qarşısında cavab verəcək.
Cənab Prezident İlham Əliyev yeni təyin olunan rəhbərlərə çağırış etdi: “Ona görə sizdən tələbim, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir.”
Prezident İlham Əliyev fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi müəyyən edib. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə təmin edilib və Regional İnkişaf Proqramları icra olunub. 2004-cü ildən başlayaraq Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində geniş abadlıq-quruculuq işləri görülüb, infrastruktur layihələri icra edilib və insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb.
Rayonların sosial-iqtisadi inkişafı üçün mühüm infrastruktur layihələri, o cümlədən elektrik enerjisi, qazlaşdırma, yol infrastrukturu, suvarma və içməli su layihələri, sosial obyektlərin inşası icra olunub. Hər rayonda müasir xəstəxanalar, tibb ocaqları, məktəblər inşa edilib və bu proses uğurla davam etdirilir. Dövlət başçısı görüşdə diqqəti regionlarda icra edilən infrastruktur layihələrinə yönəltdi və bildirdi ki, bölgələrimizdə əsas infrastruktur layihələri başa çatıb.
Son illər ərzində dövlət xətti və investisiya proqramları çərçivəsində bütün bölgələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial təmin edib. Magistral yollar müasir standartlara cavab verir, şəhərlərarası yollar təmir edilib, kənd yollarının 70-80%-i keyfiyyətli şəkildə yenilənib. Bütün şəhərlərdə içməli su layihələri icra olunur, kəndlərdə suvarma və yeni su anbarları inşa edilir. Hər bir şəhərdə müasir xəstəxanalar fəaliyyət göstərir.
Prezident İlham Əliyev qeyd etdi ki, əsas prinsip sosial ədalətdir. Hər bir bölgədə insanlar bilməlidir ki, ədalət həmişə üstünlük təşkil edir. Göründüyü kimi, əsas hədəf paytaxt Bakı ilə yanaşı, bölgələrin inkişafı, insanların yüksək həyat səviyyəsinin təmin olunması və müasir dövrün çağırışlarına uyğunlaşdırılmasıdır. Hər bir yenilik və təkmilləşmə dövlət siyasətində prioritet olaraq davam etdirilir.
