Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində olduqca mühüm mesajlar səsləndirib. Ölkəmizin başçısı Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakının əhəmiyyətindən bəhs edib. Azərbaycanın bu mühüm tədbirdə iştirakı sözsüz ki, mühüm önəm kəsb edir. Bu Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə olan yüksək hörmətin bariz nümunəsidir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji əhəmiyyətə malik əlaqələr mövcuddur: “ Bunu sözsüz ki, vahid tarix, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayrı olsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Dövlətimizin başçısı da müsahibəsində məhz bu məqamlara diqqət çəkib. Cənab Prezidentin də qeyd etdiyi kimi bu gün ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir.
Bu bir reallıqdır ki, Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlı qurub. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bu xüsusda olduqca önəmlidir.
Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və Prezident İlham Əliyev də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub”.
Deputat cənab Prezidentin müsahibəsində Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığın genişləndirilməsi ilə bağlı verdiyi mesajların da mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: “Təbii ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Ölkələri ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlar bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Məhz bu gün gün dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir. Cənab Prezident də müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə aralarında olan şəxsi etimad və dostluq münasibətlərindən bəhs edib. Prezidentin dövlətlərarası münasibətlərin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulayan ölkəmizin başçısı atılan bütün addımların münasibətlərin yüksək dinamikasını əyani şəkildə təsirinin olduqğunu bəyan edib.
Bu xüsusda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər olduqca böyük təsirə malikdir. Azərbaycan-Özbəkistan münasibətləri həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından əhəmiyyətlidir.
Bu bir reallıqdır ki, Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Məhz Özbəkistan tərəfindən Qarabağın bərpasına verdiyi töhfə bu xüsusda Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi qardaşlıq rəmzi kimi xarakterizə edilir.
Həmçinin ölkələrimiz ikitərəfli formatla yanaşı beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verir. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə uğurlu əməkdaşlıq formalaşdırıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq mühüm yer tutur: “2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub.
Bu tədbirlər xalqlarımızın zəngin mədəni irslərini bölüşmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və bir-birinin mənəvi məkanını qarşılıqlı şəkildə zənginləşdirmək istəyini əks etdirir.
Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi olaraq Daşkənddə Heydər Əliyev meydanı, Bakıda isə “Özbəkistan” parkının təməli qoyulub.
Sözsüz ki, cənab Prezidentin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, strateji xarakterini özündə ehtiva edir. Burada həmçinin regionun gələcəyinə dair strateji hədəflər qarşıdakı dövrdə Mərkəzi Asiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın parametrləri də özünü əks etdirir”.
