Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində olduqca mühüm məqamlara toxunub. Ölkəmizin başçısı müsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü dəfə iştirakının əhəmiyyətindən bəhs edib. Həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında artan strateji əlaqələrin önəmi də diqqətə çatdırılıb.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə həm Azərbaycan-Özbəkistan münasibətlərinin, həm də bütövlükdə Azərbaycan ilə Mərkəzi Asiya regionu arasındakı əməkdaşlığın geosiyasi, iqtisadi, mədəni, strateji mahiyyətini ifadə edir. Müsahibə regional inteqrasiyanın yeni mərhələyə qədəm qoyduğunu, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan qarşılıqlı etimad modelinin artıq sabit strateji mərhələyə yüksəldiyinin vacibliyini göz önündə canlandırır.
Sözsüz ki, ölkəmizlə Mərkəzi Asiya regionu arasında əlaqələr yeni geosiyasi müstəviyə yüksəlib. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirak etməsi Azərbaycanın region üçün artıq kənar tərəfdaş deyil, inteqrasiyanın komponentinə çevrildiyini təsdiqləyir.
Dövlətimizin başçısının da vurğuladığı kimi Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yalnız tarixi-mədəni deyil, həm də geosiyasi reallıqlara əsaslanır. Burada Xəzər dənizinin fiziki ayrılıq kimi qəbul edilməməsi, əksinə, siyasi və iqtisadi inteqrasiyanın təbii körpü olduğu xüsusi ilə vurğulanır. Bu yanaşma Xəzəri vahid enerji, nəqliyyat və təhlükəsizlik məkanına çevirən inteqrasiya strategiyasının mərkəzində dayanır.
Son üç ildə dövlət başçıları arasında təxminən 30 görüşün keçirilməsi, Azərbaycanın tərəfinin ən yüksək səviyyədə region ölkələrinə 13 dəfə səfər həyata keçirməsi siyasi dialoqun intensivliyini təsdiqləyir. Bu göstərici Mərkəzi Asiyada formalaşan əməkdaşlıq platformalarında Azərbaycanın aktiv iştirakının artıq sistem xarakteri aldığını nümayiş etdirir”.
Deputat həmçinin ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycanla Özbəkistan münasibətlərinin qardaşlıq müstəvisində inkişaf etdiyini də bildirib: “Cənab Prezident də müsahibəsində Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı vəziyyətinə və perspektivlərindən bəhs edib. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında olan yüksək səviyyəli münasibətlər, hər iki lider arasında formalaşan şəxsi etimad dövlətlərarası siyasətin mühüm sütunlarından biri kimi qəbul edilir. Regional əməkdaşlıqda bu amil Azərbaycan–Özbəkistan münasibətlərinin davamlılığını təmin edən strateji faktordur. İki ölkə arasında imzalanan müqavilələr və bəyannamələr, o cümlədən müttəfiqlik münasibətləri haqqında müqavilə və 2025–2029-cu illər üçün mühüm yol xəritəsi kimi xarakterizə olunur”.
Sevinc Hüseynova Prezidentin müsahibəsində Özbəkistanın II Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesinə vermiş olduğu dəstəyin açıq şəkildə ifadə edildiyini də diqqətə çatdırıb: “Özbəkistanın Füzulidə məktəb inşa etməsi təkcə humanitar jest deyil, strateji dostluğun və qarşılıqlı dəstəyin simvolu kimi qiymətləndirilir. Azərbaycan Prezidenti bunu ilk təşəbbüs kimi xüsusi dəyərləndirir ki, bu da əlaqələrin mənəvi komponentini gücləndirir.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması gələcəkdə birgə sənaye, kənd təsərrüfatı və logistika layihələrinin genişləndirilməsi üçün perspektivlər genişdir. Xankəndidə tikilmiş birgə tikiş fabriki bu xüsusda iqtisadi, postmüharibə regionların reinteqrasiyası baxımından strateji hədəfləri əhatə edir. Həmçinin Orta Dəhliz layihəsinin əhəmiyyəti ölkə başçısının müsahibəsində bir daha önə çəkilib. Bu gün Azərbaycan Mərkəzi Asiyada istehsal olunan malların Türkiyə və Avropaya çatdırılması üçün əsas tranzit ölkə rolunu möhkəmləndirir. Son illərdə Orta Dəhlizdə yükdaşımaların artması bu marşrutun gələcəkdə Avrasiya nəqliyyat xəritəsinin əsas sütunlarından birinə çevriləcəyini göstərir. Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələri üçün fayda gətirəcək. Bu, kommunikasiya xətlərinin Azərbaycanın geostrateji əhəmiyyətini artıracağını göstərir. Eyni zamanda Bakı-Daşkənd, Bakı-Səmərqənd və Bakı-Ürgənc reyslərinin intensivləşdirilməsi ikitərəfli əlaqələri həm biznes, həm də turizm baxımından gücləndirir. Həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına dair yeni sazişlər regionda vahid enerji məkanının formalaşmasının ilkin mərhələsi kimi qiymətləndirilə bilər. Bu əməkdaşlıq həm enerji təhlükəsizliyini artırır, həm də bərpaolunan enerji sahəsində üç ölkənin təşəbbüslərini sinxronlaşdırır.
Daşkənddə Heydər Əliyev meydanı və Bakıda “Özbəkistan” parkının açılışının edilməsi iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın bariz nümunəsidir.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin “UzA”-ya müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin tarixi, strateji təməl üzərində qurulduğunu, bu münasibətlərin isə artıq regional əməkdaşlığın lokomotivinə çevrildiyini nümayiş etdirir. Müsahibə həm regionun gələcəyinə dair strateji konturları, həm də qarşıdakı dövrdə Mərkəzi Asiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə göstərir”.
