Azərbaycanın ardıcıl diplomatik səyləri, balanslaşdırılmış xarici siyasəti və beynəlxalq dəstəyi göstərir ki, uzunmüddətli perspektivdə sülh müqaviləsinin imzalanması real hədəfdir. Bu baxımdan da Azərbaycanın sülh təşəbbüsləri regional təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilib.
Bunu Siyasətinfoya Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının təmsilçisi Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın təşəbbüsləri təkcə Ermənistanla münasibətlərin normallaşması üçün deyil, həm də Avrasiya məkanında dayanıqlı sülh və inkişaf modelinin formalaşması üçün mühüm strateji amildir: “Sözsüz ki, Azərbaycanın öz ərazisindən Ermənistana Qazaxıstan taxilinin keçidinə razılıq verməsi ölkəmizin sülh və əməkdaşlıq, eyni zamanda regional kommunikasiya xəttlərinin açılmasının təşviqi baxımdan əhəmiyyətlidir.
Bu mənada Azərbaycanın Ermənistana taxıl tranzitinə razılığı regional sülh və kommunikasiyaların bərpasında yeni mərhələ kimi də xarakterizə olunur. Həmçinin bu addım Cənubi Qafqazda yaranmaqda olan yeni geosiyasi reallıqların mühüm göstəricilərindən biridir. Bu qərar təkcə humanitar və iqtisadi xarakter daşımır, həm də regionda uzunmüddətli sabitliyin və qarşılıqlı etimadın formalaşması baxımından strateji əhəmiyyətə malikdir”
Şura sədri hesab edir ki, Azərbaycanın ərazisindən taxılın Ermənistana tranzit olunması regionda kommunikasiya xətlərinin açılması prosesinin praktik mərhələyə keçdiyini göstərir: “Son illər ərzində Azərbaycan iqtisadi cəhətdən Cənubi Qafqazın əsas tranzit mərkəzinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı limanı və Şimal–Cənub nəqliyyat dəhlizi kimi layihələr ölkənin logistika imkanlarını xeyli genişləndirib. Ermənistana taxılın keçidinə verilən razılıq bu infrastrukturun humanitar və ticarət məqsədləri üçün istifadəsini nümayiş etdirir və Azərbaycanın regional iqtisadi əməkdaşlığa açıq olduğunu göstərir”.
Aqil Məmmədova görə, rəsmi Bakı tərəfindən verilən bu qərar 2020-ci ildən sonra regionda formalaşan yeni reallıqların bir hissəsidir: “bu həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində gedən danışıqlarda qarşılıqlı etimadın yaradılması əsas amillərdəndir.
Taxıl tranziti kimi humanitar xarakterli jestlər, sülhün praktik müstəviyə daşınması baxımından mühüm simvolik əhəmiyyət daşıyır. Eyni zamanda bu Azərbaycanın bölgədə nəqliyyat layihələrinin blokadalarının aradan qaldırılması və kommunikasiyaların açılmasına yönəlmiş siyasətinə uyğun gəlir.
Sözsüz ki, Azərbaycanın bu qərarı regionda yeni iqtisadi xəritənin formalaşmasına təkan verə bilər. Əgər Ermənistan da analoji şəkildə tranzit və əməkdaşlıq istiqamətində real addımlar atarsa, gələcəkdə bölgədə sülh və etimad mühitinin möhkəmlənməsinə xidmət etmiş olar.
Təbii ki, Zəngəzur dəhlizi və digər alternativ marşrutların işə salınması bu xüsusda mühüm önəm kəsb edir.
Bütün bunların fonunda Azərbaycanın öz ərazisindən Ermənistana taxıl tranzitinə razılıq verməsi Cənubi Qafqazda qarşılıqlı etimadın bərpası istiqamətində atılmış real addımlardan biridir. Bu qərar həm humanitar, həm iqtisadi, həm də siyasi baxımdan regionun gələcək inteqrasiyası üçün mühüm presedent yaradır”.
