Azerbaijan flag on the Flaming Tower. The Flaing Tower compreised of 3 towers, as offices and a luxurious hotel. It stands out from the old town of Baku from this angle.
Cənubi Qafqaz regionu tarixən müxtəlif siyasi, iqtisadi və etnik ziddiyyətlərin toqquşduğu bir məkan olub. XX əsrin sonlarında sovet ittifaqının dağılması ilə bölgədə yaranan müstəqil dövlətlər arasında münasibətlər yeni geosiyasi mühit formalaşdırdı. Bu mühitdə xüsusilə Ermənistanın Azərbaycan ərazilərini işğalı etməsi regionun təhlükəsizlik arxitekturasına mənfi təsir göstərdi. Lakin 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və onun ardınca atılan diplomatik addımlar Azərbaycanın sülh təşəbbüslərini ön plana çıxardı.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın sülh təşəbbüsləri təkcə ikitərəfli münasibətlərin normallaşması deyil, həm də bütövlükdə regional təhlükəsizliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır: “Sözsüz ki, Azərbaycanın sülh siyasətinin mahiyyəti etimad mühitinin formalaşmasını özündə ehtiva edir. Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı sülhün təmin edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı post-münaqişə dövründə sülh müqaviləsi təşəbbüsünü irəli sürərək, Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması və qarşılıqlı suverenliyin tanınması kimi fundamental prinsipləri təklif etdi”.

Deputat hesab edir ki, Azərbaycanın sülh təşəbbüsləri təkcə iki ölkə arasında etimadın bərpasına deyil, həm də Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin formalaşmasına yönəlib: “Azərbaycanın Zəngəzur dəhlizi konsepsiyası isə regional iqtisadi inteqrasiyanın və nəqliyyat təhlükəsizliyinin vacib elementinə çevrilməkdədir. Təbii ki, son 5 ildə Azərbaycanın II Qarabağ müharibəsindən sonrakı dövrdə atmış olduğu addımlar regional güc balansının dəyişməsini də təmin edib. 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlar Azərbaycanın strateji rolunu daha da artırdı. Azərbaycan həm Türkiyə ilə müttəfiqlik münasibətlərini dərinləşdirdi, həm də Rusiya, İran və Gürcüstan kimi qonşu ölkələrlə praqmatik əməkdaşlıq siyasəti yürütməyə başladı”.
Məlahət İbrahimqızı vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət münaqişə deyil, əməkdaşlıq regionu anlayışını özündə ehtiva edir: “Azərbaycan üçün sülh yalnız hərbi əməliyyatların dayandırılması deyil, həm də dayanıqlı təhlükəsizlik mühiti və iqtisadi inkişafın təminatı deməkdir. Bu mənada Azərbaycanın sülh təşəbbüslərinin regional təhlükəsizlik mühitinə təsiri olduqca böyükdür.
Geosiyasi sabitlik bütün bölgə üçün əsas amilə çevrilib. Sərhədlərin demarkasiyası və kommunikasiyaların açılması Cənubi Qafqazı rəqabət meydanından əməkdaşlıq platformasına çevirir. Bununla paralel olaraq Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri region ölkələrinin iqtisadi asılılığını azaldır, qarşılıqlı maraqları gücləndirir.
Azərbaycan post-münaqişə dövründə minaların təmizlənməsi, infrastrukturun bərpası və məcburi köçkünlərin geri qayıdışı istiqamətində addımlar ataraq humanitar təhlükəsizliyi təmin edir.
Bütün bunların fonunda Bakı, Avropa İttifaqı, BMT və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək sülh prosesini beynəlxalq legitimliklə təmin edir”.
