Milli Məclisin deputatı Məlahət İbrahimqızı Siyasətinfonun suallarını cavablandırıb:
Onunla müsahibəni təqdim edirik:
– Məlahət xanım, bugün Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025″in açılış mərasimində iştirak edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın müxtəlif bölgələrində tibb kadrlar, xüsusilə də həkimlər çatışmır. Siz Milli Məclisin Səhiyyə komitəsinin üzvü kimi bu haqda nə deyə bilərsiz.
– Bilirsiz öncə demək lazımdır ki, Azərbaycanın bölgələrində təkcə tibb kadrları deyil həm də təhsil işçiləri də xüsusilə də müxtəlif ixtisaslı müəllimlər də çatışmır. Buna görə də bölgələrdən, xüsusilə də sərhəd bölgələrindən əhali, gənclər kütləvi şəhərə, Bakıya axışır. Hesab edirəm ki, bu çox ciddi problemdir. Baxmayaraq ki, ölkəmizdə bu problemin qarşısının alınması üçün Dövlətimizin Başçısı çox böyük işlər görür. Bölgələrin infrastrukturunun yüksək standartlar üzrə yenidən qurulması, orta və kiçik sahibkarlığın nəinki rayonlarda hətta kəndlərdə inkişaf etdirilməsi üçün çox saylı uğurlu layihələrin həyata keçirilməsi məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Bölgələrdə müasir tələblərə cavab verən həm təhsil, həm də sağlıq infrastrukturunun yaradılması da dövlətimizin uğurla həyata keçirdiyi böyük dövlət proqramlarının nətivəsidir. Amma bu cür nailiyyətlər fonunda müxtəlif bölgələrdə təhsil və səhiyyə sahəsində kadrların çatışmamazlığı ən azı təəssüf hissi yaradır. Nəzərə alsaq ki, bu problemin həlli mümkündür. Bugün ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində səhiyyə sahəsində də uğurlu islahatlar baş verir. Ölkəmizdə icbari tibbi sığorta sisteminin qurulması, hər bir vətəndaşın tibbi xidmələrdən əlçatanlığının təmin olunması üçün TƏBİB-in yaradılması və digər yeniliklər dövlətimizin hətta ən ucqar bölgələrdə belə vətəndaşın sağlığına verdiyi dəyərdir. Hesab edirəm ki, islahatların kompleks və harmonik gerçəkləşməsi üçün tibb kadrlarının hazırlanmasında və yetişdirilməsində bilavasitə cavabdeh olan Səhiyyə Nazirliyi digər aidiyyatı qurumlarla təxirəsalınmaz işlər görməlidir. Sözsüz ki, Təhsil Nazirliyi tərəfindən bölgələrdə məktəblərin bağlanmasının, kadrların çatışmamazlığının səbəbləri araşdırılıb ciddi tədbirlər görülməlidir.
– Səhiyyə kadrlarının çatışmamazlığı ciddi problemdir. Bu xalqın, hər bir vəyəndaşın sağlamlığının qorunmasında ciddi problem yaradır…
– Bəli tibb kadrlarının çatışmamazlığı problemi başqa ölkələrdə də var. Avropada da tibb kadrları çatışmır. Amma biz Azərbaycanı Afrika və ya Asiyanın inkişaf etməmiş ölkələri ilə müqayisə etməməliyik. Bu gün Azərbaycanda Dövlət Başçısının bilavasitə göstərişi ilə ağıllı kəndlər inşa edilir. Biz Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə etməliyik. İnkişaf etmiş o ölkələr də bununla bağlı konkret tədbirlər görür. Mətbuatdan da bildiyimiz kimi Azərbaycandan son illərdə yüzlərlə həkimləri Almaniya, Avstriya kimi ölkələrdə həkim kimi işə qəbul etdilər. Yəni ölkəmizdə savadlı və bacarıqlı tibb kadrları var. Bir daha vurğulayıram ki, tibb kadrlarının çatışmamazlığı ilə bağlı problemin həlli məsələsi müvafiq cavabdeh təşkilatların, xüsusilə də Səhiyyə Nazirliyinin gündəliyində ən prioritet məsələlərdən biri olmalıdır. Çünki heç kəs bilmir ki, COVİD19-dan sonra dünyada və ya ölkədə hansısa təhlükəli durum olmayacaq.
