Prezident İlham Əliyevin regionlara o cümlədən işğaldan azad edilmiş bölgələrimizə səfəri mühüm əlamətdar hadisələrlə yadda qalır. Ölkəmizin başçısının bölgələrimizə hər bir səfəri yeni iş yerlərinin, sosial infrastrukturun, istehsal müəssisələrinin və digər obyektlərin açılışı ilə müşahidə edilir. Bu mənada cənab Prezidentin Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri də əlamətdar oldu.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, dövlətimizin başçısının bölgələrə hər bir səfəri həm strateji, həm də simvolik əhəmiyyət daşıyır: “Bu səfərlər təkcə yerli infrastruktur və tikinti işləri baxımından deyil, həm də dövlətin regionlara diqqətini, qayıdış, yenidənqurma və inkişaf konsepsiyasını özündə ehtiva edir. Ölkəmizdə quruculuq-abadlıq, sahibkarlığın dəstəklənməsi və sənayeyə investisiyaların yatırılması baxımından təşəbbüslər hər zaman təşviq olunur. Bu xüsusda ölkəmizin başçısının Sabirabada səfəri burada da sahibkarlığın və aqrobiznesin inkişaf etdirilməsi, sosial-iqtisadi inkişafı hədəfləyən addımların təşviqi baxımından önəmli idi. Burada sənaye məhəlləsinin yaradılması regionda emal sənayesinin inkişafı baxımından da vacib addımdır. Bu, həm daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaratmaq məqsədi güdür. Eyni zamanda cənab Prezidentin bölgələrə səfəri regionun sosial-iqtisadi inkişafının dövlət səviyyəsində diqqət mərkəzində olduğunu göstərir”.

Deputat bildirib ki, cənab Prezidentin Cəbrayıl rayonuna səfəri və burada yenidənqurma və bərpa işləri ilə yerində tanışlıq, yeni yaşayış məntəqələrinin əsasının qoyulması, artıq öz doğma yurdlarına qayıdan sakinlərlə görüş tarixi əhəmiyyət kəsb etməklə yanaşı qürurverici idi: “Artıq Böyük Qayıdış proqramına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda zəruri infrastruktur qurulur. Qısa zamanda bu bölgələrdə ən müasir standartlara cavab verən infrastruktur yaradılır. Körpülər, tunellər elektrik stansiyaları, müasir standartalara cavab verən yollar, qısa zamanda 3 beynəlxalq aeroportun açılması Azərbaycan dövlətinin öz ərazisində gördüyü işlərin mahiyyətini nümayiş etdirir. Bu gün möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur cənnətməkan diyara çevrilir. Artıq bir çox yerli tədbirlərlə yanaşı, regional və qlobal əhəmiyyətli tədbirlər Qarabağ və Şərqi Zəngəzurda keçirilir. Şuşa, Laçın, Xankəndidə keçirilən mötəbər tədbirlər bunun bariz nümunəsidir”.
Məlahət İbrahimqızı hesab edir ki, cənab Prezidentin işğaldan azad edilən bölgələrimizə səfərləri bu rayonların yenidən inşa prosesində olduğunu və dövlətin bu məsələyə prioritet olaraq önəm verdiyinin nümayişidir: “Hazırda Böyük Qayıdış konsepsiyasına uyğun olaraq azad edilmiş ərazilərimizdə görülən işlər Azərbaycan dövlətinin inkişaf strategiyasına uyğundur. Bu mənada cənab Prezident İlham Əliyevin Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri eyni zamanda strateji əhəmiyyət kəsb edir. Bu səfərlərin hər birində uzun on illiklər Ermənistan tərəfindən dağıdılan, xarabazarlığa çevrilən, daşı-daş üstündə qalmayan, ekologiyası belə çirklənən torpaqlarımızın necə cənnətə çevrilməsinin də şahidi oluruq. Bu sözsüz ki, xalqımızın hər bir üzvü üçün qürurverici və tarixi anlar kimi yaddaşlarımıza həkk olunur”.
