Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında əalqələrin bütün sferalar üzrə inkişafından bəhs edib. Dövlətimizin başçısı Azərbaycanla Qazaxıstan arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edib. Vurğulanıb ki, nəqliyyat, logistika, neft-qaz, yaşıl enerji sahəsində iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Həmçinin iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində vacib təşəbbüslərlə çıxış etdiyi də diqqətə çatdılıb.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək səviyyədədir: “Ölkəmizin başçısı da müsahibəsində məhz bu amili xüsusi ilə vurğulamış oldu. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan dialoqdur. Cənab Prezident qeyd edib ki, Onun Qazaxıstana son üç ildə yeddinci səfəridir. Həmin müddət ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir.
İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi bu qardaşlığın növbəti təcəssümüdür. Azərbaycanla Qazaxıstan arasında ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası – təqribən 170 sənəd işləyib hazırlanıb. Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyəti bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub. İki ölkə arasında Ali Dövlətlərarası Şuranın əhəmiyyəti də bu mənada vacib önəm kəsb edir.

Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür”.
Məlahət İbrahimqızı hesab edir ki, cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir: “Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.
Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. Bu məqsədlərə xidmət edən 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.
Həmçinin yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur. Sözsüz ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilməsu bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Cənab Prezident də qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti olduqca böyük idi. Gələn il bu qurultayın 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır. Bununla yanaşı Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürür”.
